Dünya Futbolu

“Aston Villa”dan möhtəşəm oyun

Bakı, 20 aprel, Tsport.az

İngiltərə Premier Liqasının 33-cü turunda “Aston Villa” öz meydanında “Newcastle United”i qəbul edib və rəqibini inamlı oyunla darmadağın edib.

Tsport.az xəbər verir ki, Villa Park-da baş tutan qarşılaşma Jarred Gillettin baş hakimliyi ilə keçirilib. Matçın start fitindən cəmi bir dəqiqə sonra Ollie Watkins ev sahiblərinə üstünlük qazandırıb. Qonaqlar bu qola 17-ci dəqiqədə cavab verib – Fabian Schär hesabı bərabərləşdirib.

İkinci hissədə Unai Emerynin yetirmələri tam üstünlük əldə ediblər. 64-cü dəqiqədə Maatsen yenidən komandasını önə keçirib. Ardınca Dan Burn 73-cü dəqiqədə avtoqolla fərqi artırıb. Yalnız iki dəqiqə sonra Amadou Onana son nöqtəni qoyaraq hesabı 4:1-ə çatdırıb.

Bu nəticədən sonra “Aston Villa” 57 xalla turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Newcastle United” isə 59 xalla üçüncü yerdə qərarını qoruyur.