Carlo Ancelotti-yə həbs cəzası
Bakı, 9 iyul, Tsport.az
İtaliyalı futbol mütəxəssisi Carlo Ancelotti, İspaniyada vergidən yayınma cinayətinə görə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Tsport.az xəbər verir ki, bu barədə Madrid Ali Məhkəməsi qərar verib.
İspan qanunvericiliyinə əsasən, iki ilə qədər olan həbs cəzaları adətən şərti tətbiq edilir, yəni təqsirləndirilən şəxs faktiki olaraq həbsxanaya göndərilmir.
Məhkəmənin qərarına görə, Ancelotti 2014-cü il vergi dövründə qanunsuzluğa yol verdiyinə görə cəzalandırılıb, lakin 2015-ci ilə dair ona qarşı irəli sürülən ittihamlar sübut olunmadığından bəraət alıb.
Məhkəmə prosesi 2 aprel tarixində start götürüb. Relevo nəşrinin məlumatına əsasən, prokuror tərəfi bildirirdi ki, Ancelotti həmin illərdə yalnız “Real Madrid” klubundakı rəsmi maaşına görə vergi ödəyib. Lakin onun imic hüquqları və digər kommersiya gəlirləri vergidən yayındırılıb. Borcun ümumi həcmi 1.062.000 avro təşkil edib.