Dünya Futbolu

Keçmiş Premier Liqa ulduzunun evinə əl bombalı hücum

Bakı, 8 aprel, Tsport.az

Premier Liqada “Liverpool”da oynadığı dövr ilə tanınan İsrailli keçmiş futbolçu Yossi Benayounun evinə əl bombalı hücum edilib.

Tsport.az xəbər verir ki, İngiltərənin “West Ham”, “Arsenal”, “Liverpool”, “Chelsea” və “QPR” komandalarında oynayan keçmiş İsrailli milli futbolçu Yossi Benayounun evinə əl bombası atılıb.

Bazar günü səhər saat 11:00 radələrində evin önündən keçən motosikletli bir şəxs tərəfindən atıldığı müəyyən edilən əl bombası ilə bağlı polis araşdırma başladıb. İngilis mətbuatından The Sun-ın xəbərinə görə, polis qüvvələri atılan əl bombasının Qəzza ilə əlaqəli olmadığını bildirib.

Benayoun isə hadisə ilə bağlı olaraq, “Bu, şübhəsiz ki, bir səhv idi. Əl bombasının evimi hədəf almadığından heç bir şübhəm yoxdur. İlk başda qaz balonunun partladığını düşündüm və yanğından mühafizə xidmətini çağırdıq. Lakin polis evə gəlib əl bombasının qalıqlarını tapdıqda nə baş verdiyini anladıq.” sözlərini deyib.