Azərbaycan FutboluMüsahibə

“Edəcək bir şey yoxdur” – Yusif Nəbiyev

Bakı, 14 may, Tsport.az

Misli Premyer Liqasının XXXIV turunda “Səbail” öz meydanında “Zirə“ni qəbul edib. Qarşılaşma 0:1 hesabı ilə başa çatıb.

Tsport.az xəbər verir ki, 34 tur ərzində cəmi 22 xal toplayan “Səbail” bu məğlubiyyətlə liqadan düşməsini rəsmiləşdirib.

Komandanın kapitanı Yusif Nəbiyev mövsüm boyunca uğursuz çıxışlarını belə dəyərləndirib: “Məyusuq, kaş belə olmazdı. Keçmişi qaytarmaq mümkün deyil, bunu da bilirik. Edəcək bir şey yoxdur”.

Nəbiyev komandanın liqadan düşməsinin təsirindən də danışıb: “Əlbəttə ki, pis təsir etdi. Ümidimiz var idi, amma “Zirə” ilə oyundan sonra ümid də qalmadı”.

27 yaşlı kapitan, liqada qalan oyunlarda peşəkar futbolçu kimi mübarizə aparmalı olduqlarını vurğulayıb: “Peşəkar olmaq lazımdır. Son iki oyunumuz qalıb, Premyer Liqada bu oyunları normal şəkildə keçirməliyik”.

Nəbiyev gələcək karyerası barədə isə Premyer Liqa başa çatdıqdan sonra düşünəcəyini qeyd edib.

Komandada baş məşqçi dəyişikliklərinin təsirinə toxunan futbolçu bunları deyib:”Təsiri oldu, əlbəttə ki, olmadı deyə bilmərik. Amma sırf buna görə sonuncu olmuşuq demək də haqsızlıq olar. Səhvlərimiz çox oldu, əlbəttə. Amma keçmişdə qaldı, detallara girmək istəmirəm”.

Bahar Rüstəm