Azərbaycan FutboluMüsahibə

Edqar Adilxanov: “İlk hissədə üstün idik, sadəcə bəxtimiz gətirmədi”

Bakı, 9 iyun , Tsport.az 

Azərbaycanın U-21 millisinin üzvü Edqar Adilxanov Monteneqro ilə keçirilən və qolsuz bərabərliklə başa çatan yoldaşlıq oyunu barədəfikirlərini bölüşüb.

Tsport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi qarşılaşmada komandamızın üstün oyun sərgilədiyini bildirib.

“İlk hissədə meydanda rəqib komandadan daha üstün oyun sərgilədik. Topa daha çox nəzarət etdik, hücumlarda fəallığımız hiss olunurdu və bir neçə real qol imkanı da yaratdıq. Ancaq təəssüf ki, həmin imkanları qola çevirmək mümkün olmadı. Sadəcə olaraq, bəxtimiz gətirmədi və istəyimizə çatmadıq”, – deyə Adilxanov bildirib.

Gənc futbolçu milli komandanın son toplanışı barədə də fikirlərini bölüşüb. Onun sözlərinə görə, Ayxan Abbasovun rəhbərliyi altında keçən ikinci toplanış komanda üçün faydalı olub:

“Bu, baş məşqçimiz Ayxan Abbasovun rəhbərliyi altında keçirdiyimiz ikinci toplanış idi. Bildiyiniz kimi, bəzi futbolçular hazırda klub komandalarında mütəmadi oyun təcrübəsi qazanmırlar, çünki əsas heyətdə çox vaxt şans tapmırlar. Amma buna baxmayaraq, milli komanda ilə bir araya gəldiyimiz bu toplanış müddətində hər şey çox yaxşı keçdi. Komandadakı ab-hava yüksək idi, hamı motivasiyalı idi. Hər birimiz fərdi və komanda olaraq daha yaxşı olmağa çalışdıq. Məşqlər zamanı taktiki baxımdan nələrə diqqət etməli olduğumuzu başa düşdük və bu sahədə xeyli irəliləyiş əldə etdik”.

Adilxanov qarşılaşmanın sonlarında baş verən insidentə – komandalar arasında yaşanan gərginliyə də münasibət bildirib. O, rəqibin kobud oyun tərzinin gərginliyin əsas səbəbi olduğunu vurğulayıb:“Oyunun əvvəlindən etibarən rəqib futbolçular çox kobud oynayır, tez-tez bizi vururdular. Biz də buna səssiz qalmırdıq və müəyyən aqressivliklə cavab verirdik. Rəqib oyunçuların aqressivliyi artdıqca, onlar emosiyalarını saxlaya bilmədilər və hakimlərə irad bildirərək bizə qarşı daha sərt reaksiya göstərməyə başladılar. Sonda isə vəziyyət nəzarətdən çıxdı və qarşılıqlı gərginlik nəticəsində əlbəyaxa mübahisə yarandı. Lakin sevindirici haldır ki, bu insident ciddi fəsadlara yol açmadı, heç bir futbolçu xəsarət almadı”.

Bahar Rüstəm