Əminə Tağıdan tarixi qələbə
Bakı, 16 iyul, Tsport.az
Azərbaycan yeniyetmə boksçusu Əminə Tağı Serbiyanın Novi Pazar şəhərində keçirilən Avropa çempionatında möhtəşəm uğura imza atıb.
Tsport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançımız final mərhələsində Ermənistan təmsilçisi Amest Afrikyanla qarşılaşıb. Gərgin keçən döyüşdə Əminə Tağı rəqibini 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna sahib çıxıb. Bu tarixi zəfərdən sonra Novi Pazarda Azərbaycanın dövlət himni səsləndirilib.
Qızlardan ibarət yığmamız turniri yüksək nəticələrlə başa vurub:
- Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq), Səma Abbasova (66 kq) – gümüş medal
- Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq), Zəhra Məmmədova (54 kq) – bürünc medal
Ümumilikdə qızlar 1 qızıl, 3 gümüş və 3 bürünc medalla ölkəyə qayıdacaqlar.
Turnirin altıncı günündə isə ağır çəki üzrə (+80 kq) çıxış edən Səfdər Məmmədzadə finala yüksəlib. O, yarımfinalda Belarus təmsilçisi Kirill Jukovski üzərində tam üstünlüklə qələbə qazanıb. Finalda onun rəqibi rusiyalı Boqdan Smolkin olacaq.
Oğlan boksçular arasında isə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq) və Haqverdi Həsənov (63 kq) Avropa çempionatını bürünc medalla tamamlayıblar.