Azərbaycan FutboluMüsahibə

Emin Rüstəmov: “Qalib gəlmək istəyirdik, lakin son zərbələrdə dəqiqlik çatmadı”

Bakı, 9 iyun , Tsport.az 

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Emin Rüstəmov Monteneqro ilə keçirilən yoxlama oyunundan (0:0) sonra fikirlərini bölüşüb.

Tsport.az xəbər verir ki, gənc müdafiəçi qarşılaşmanın gedişatı, oyundan sonrakı gərginlik və komandanın hazırlıq prosesi barədə danışıb.

“Gərgin və mübarizəli qarşılaşma olacağını bilirdik. Oyuna yaxşı hazırlaşmış, meydana qələbə üçün çıxmışdıq. Həqiqətən də qol vəziyyətlərimiz çox oldu. Sadəcə, istifadə edə bilmədik, son zərbə çatmadı”, – deyə Rüstəmov bildirib.

O, matçın ümumi axarını da dəyərləndirib:

“Matçın əvvəlindən sonuna qədər bizi çətin qarşılaşmanın gözlədiyini dərk edirdik. Rəqibin keyfiyyətli və fiziki cəhətdən hazırlıqlı futbolçulardan ibarət olduğunu bilirdik. Buna baxmayaraq, baş məşqçi heyətinin verdiyi tapşırıqlara əsasən oyuna ciddi hazırlaşmışdıq. Meydana yalnız qələbə üçün çıxmışdıq. Oyunun gedişində bir neçə real qol imkanlarımız oldu, rəqib müdafiəni aşmaqda çətinlik çəkdi. Təəssüf ki, yaratdığımız fürsətləri dəyərləndirə bilmədik. Son zərbələrdə dəqiqlik çatmadı və nəticədə qolsuz heç-heçə ilə kifayətləndik”.

Rüstəmov qarşılaşmadan sonra yaşanan gərginliklə bağlı da münasibət bildirib:

“Oyunun son fitindən sonra Monteneqro millisinin bəzi futbolçuları hakimin qərarlarına etiraz edərək kobud reaksiya göstərdilər. Mən isə sadəcə vəziyyəti sakitləşdirmək, qarşı tərəfin hakimi sıxmasının qarşısını almaq istəyirdim. Qətiyyən istəmirdim ki, meydanda qarşıdurma yaşansın. Sadəcə olaraq, onları uzaqlaşdırmağa çalışırdım. Lakin buna aqressiv reaksiya verdilər və nəticədə meydanda kiçik də olsa, insident baş verdi. Şükürlər olsun ki, ciddi zədə alan olmadı. Ancaq bütün bu davranışlarına baxmayaraq, bizə qarşı heç bir üzr istənilmədi”.

Gənc futbolçu toplanış müddətindəki hazırlıq prosesindən və əvvəlki yoxlama görüşü barədə də danışıb:

“Toplanış zamanı komanda üçün hər cür şərait yaradılmışdı. Futbolçular məşqlərə maksimum ciddi yanaşır, həm fiziki, həm də taktiki baxımdan oyuna köklənmişdilər. Belarusla səfərdə keçirdiyimiz ilk yoxlama matçında bəzi müdafiə boşluqları etdik və nəticədə 3:1 hesabı ilə məğlub olduq. Bu, bizim üçün ciddi dərs oldu. O görüşdən sonra etdiyimiz analiz və taktiki hazırlıq nəticəsində Monteneqroya qarşı daha kompakt və nizamlı oynadıq. Rəqibə real qol vəziyyəti yaratmağa imkan vermədik, əksinə, biz bir neçə dəfə qola yaxın olduq. Amma istədiyimiz sonluğu gətirə bilmədik”.

Bahar Rüstəm