Emre Belözoğlu: Türkiyədə baş məşqçi olmaq İspaniyadan daha çətindir!
Bakı, 16 iyun , Tsport.az
“Antalyaspor“un baş məşqçisi Emre Belözoğlu, İspaniyanın məşhur Diario As qəzetinə verdiyi müsahibədə Türkiyədə məşqçilik etməyin İspaniyadan daha çətin olduğunu vurğulayıb.
“Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Türkiyə futbolda çox çətin bir ölkədir. Burada baş məşqçi olmaq üçün təkcə meydanda deyil, meydandan kənarda da çox maneələri aşmalısınız,” – deyə Belözoğlu bildirib. O, karyerasının gələcəyində futbolçu kimi oynadığı klublarda məşqçi kimi çalışmaq istədiyini də qeyd edib.
Daha əvvəl 2012-2013-cü illərdə “Atletico Madrid” formasını geyinmiş Belözoğlu, bu kluba bir gün məşqçi kimi qayıtma ehtimalına “Niyə olmasın?” cavabını verib. Eyni hissləri özünün sevimli klubu “Fenerbahçe” üçün də keçirdiyini vurğulayan mütəxəssis, gələcəkdə bu klubda çempionluq yaşamaq istəyini ifadə edib.
Məşhur mütəxəssis Jose Mourinhonun Türk futbolu üçün vacib bir sima olduğunu, lakin onun bu mövsüm gözləntiləri qarşılamadığını bildirib: “Mourinyo, dünya miqyasında böyük bir məşqçidir. Türk futbolu üçün önəmlidir, amma onun üçün uğurlu mövsüm olmadı”.
Belözoğlu, “Real Madrid”də çıxış edən Arda Güləri xüsusi tərifləyərək, onun doğuşdan gələn istedada sahib olduğunu və getdikcə daha da inkişaf etdiyini vurğulayıb: “Bu mövsüm o artıq mükəmməl işlər gördü, lakin Xabi Alonsonun gəlişi ilə tam fərqli bir Arda izləyəcəyik. O daha da güclənəcək”.
O, Ardanın digər futbolçular arasında xüsusi potensiala sahib olduğunu, lakin bu potensialı tam reallaşdırıb-reallaşdırmayacağını zamanın göstərəcəyini əlavə edib. Milli futbolçunun çətinlikləri aşmağı sevən bir xarakterə malik olduğunu bildirən Belözoğlu, onun haqqında “Ən çətin dalğalarda sörf etməyi sevir” ifadəsini işlədib.
Sonda, ulduz futbolçuların kariyeralarına yanaşma tərzindən danışan Belözoğlu, “İnsanların gözləntilərini qarşılamağa çalışsanız, heç kimi tam xoşbəxt edə bilməzsiniz. Amma özünüzlə rəqabət aparsanız, hər kəsin sizə heyran olmasını təmin edərsiniz,” – deyə fikrini tamamlayıb.