“Ən azından milli ruhu hiss etdik”
Bakı,10 sentyabr , Tsport.az
2026-cı ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan millisi Ukrayna ilə ilk matçına çıxıb.
Tsport.az xəbər verir ki, 1-1 başa çatan matçdan sonra millimizin üzvü Sabuhi Abdullazada fikirlərini bizimlə bölüşüb:
– Əvvəlki oyundan sonra ağır bir məğlubiyyət almışdıq. Amma bu, futboldur, hər şey ola bilər. Bu dəfə məqsədimiz o məğlubiyyəti unutturmaq idi. Şükürlər olsun, yaxşı mübarizə apardıq və nəticə də pis olmadı.
*– Ayxan Abbasovla matça hazırlığınız necə keçdi?*
– Hər şey qaydasında idi. Hazırlıq prosesimiz yaxşı keçmişdi. Bilirdik ki, əvvəlki oyunda azarkeşlərimizi məyus etmişik. Bizim borcumuz var idi, bu oyunda o məğlubiyyəti unutdurmaq istəyirdik.
*– Ayxan Abbasovun komandaya təsiri necə oldu?*
– Ayxan müəllimlə əvvəllər “Sumqayıt”da çalışmışam. Onun məşqçilik keyfiyyətinə heç bir şübhəm yoxdur.
*– Santosla Ayxan Abbasov arasında hansı fərqlər var idi?*
– Ən azından bu oyunda milli ruhu hiss etdik.
*– Növbəti rəqib Fransa olacaq. Bu qarşılaşma ilə bağlı planlarınız varmı?*
– Qarşıda hələ bir ay var. Əgər milliyə çağırılarsaq, oyuna var gücümüzlə çıxacağıq. Hazır olacağıq və mübarizə aparacağıq.
*– Komandada milli ruhun olmadığını düşünənlər var. Siz nə düşünürsünüz ?*
– Biz nə şahmatçıyıq, nə də voleybolçu. Meydana çıxırıq, canımızı qoyuruq. Burada 23 nəfər varsa, hamı başa düşür ki, milliyə niyə çağırılıb. Mənim üçün milli ruh hər zaman olub və olacaq. Əzmkarlıq da mənim üçün ön plandadır.
*– Ayxan Abbasovun milli komandada qalmasını istəyərsinizmi?*
– Bu bizim qərarımız deyil. Qərar AFFA və rəhbərlik tərəfindən verilir. Kim baş məşqçi olacaqsa, hansı sistem olacaqsa, biz də o tapşırıqları yerinə yetirəcəyik.
*– Yaxın gələcək üçün millimiz nə vəd edir?*
– Belə davam edib, bacardığımız qədər xalları toplamağa çalışacağıq.
Bahar Rüstəm