Ən unudulmaz Çempionlar Liqası finalı: “İstanbul Möcüzəsi”
Bakı, 1 mart, Tsport.az
Futbol tarixində elə matçlar var ki, illər keçsə də, azarkeşlər tərəfindən unudulmur. Belə oyunlardan biri də 25 may 2005-ci ildə keçirilən UEFA Çempionlar Liqası finalıdır. İstanbulun “Atatürk” Olimpiya Stadionunda baş tutan qarşılaşmada İtaliyanın “Milan” klubu və İngiltərənin Liverpool (Liverpul) komandası üz-üzə gəldi. Bu oyun futbol tarixinə “İstanbul Möcüzəsi” kimi yazıldı.
Finalın favoriti “Milan” sayılırdı. Çünki heyətində Maldini, Kaká, Şevçenko, Pirlo, Gattuso və Crespo kimi ulduzlar var idi. Matçın elə ilk dəqiqəsində – 51-ci saniyədə Paolo Maldini hesabı açdı və “Milan” üstünlüyü ələ aldı. Daha sonra Hernán Crespo 39 və 44-cü dəqiqələrdə iki qol vuraraq ilk hissənin sonunda hesabı 3-0 etdi. Bu nəticə çoxlarını inandırdı ki, “Milan” artıq çempiondur.

Amma futbol möcüzələrə açıq bir oyundur.
İkinci hissədə “Liverpool” tamamilə fərqli ruhda meydana çıxdı. 54-cü dəqiqədə Steven Gerrardın baş zərbəsi ilə qol vurması, azarkeşlərə ümid verdi. Cəmi iki dəqiqə sonra Vladimir Smicer uzaqdan möhtəşəm zərbə ilə hesabı 3-2 etdi. 60-cı dəqiqədə isə Xabi Alonso penaltidən hesabı 3-3 edərək oyunu tamamilə dəyişdi.
Cəmi 6 dəqiqə ərzində 3-0-dan 3-3-ə gələn bu geri dönüş, futbol tarixinin ən inanılmaz anlarından biri oldu.

Oyun uzatma dəqiqələrinə keçdi və “Milan” üstünlük qazanmağa çalışsa da, “Liverpool”-un qapıçısı Jerzy Dudek möhtəşəm qurtarışları ilə tarixi qəhrəmana çevrildi. Xüsusilə də Andriy Şevçenkonun iki epizodda ardıcıl zərbəsini inanılmaz reaksiya ilə dəf etməsi, “Liverpool”-u penaltilər üçün ümidləndirdi.
Penaltilərdə “Liverpul” daha dəqiq oynadı. Milanın ulduz oyunçuları Pirlo və Şevçenko penaltidən yararlana bilmədilər, Dudek isə psixoloji oyunları və qeyri-adi hərəkətləri ilə “Milan” oyunçularının diqqətini yayındırdı. Nəticədə “Liverpool” penaltilərdə 3-2 qalib gələrək möhtəşəm geri dönüşü çempionluqla tamamladı.

Bu, “Liverpool”-un 5-ci Çempionlar Liqası titulu idi və bu qələbə təkcə klub üçün deyil, futbol tarixində bir simvola çevrildi. “You’ll Never Walk Alone” (“Heç vaxt tək yürüməyəcəksən”) şüarı həmin gün daha da mənalı oldu.
Bu oyun təkcə bir matç deyil, inanılmaz inamın, mübarizənin və qətiyyətin təcəssümü oldu. 3-0 hesabı ilə geridə olan komandanın 6 dəqiqə ərzində tarixi dəyişməsi, futbolun unudulmaz anlarından birinə çevirdi.

Bu qarşılaşma bizə bir şeyi öyrətdi: Futbolda heç vaxt təslim olmaq olmaz!