Digər

FHN-də ümumrespublika karate seminarı

Bakı, 23 iyun , Tsport.az 

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində “26 İyun – Silahlı Qüvvələr Günü” və “23 İyun – Dünya Olimpiya Günü”nə həsr olunmuş ümumrespublika texniki karate seminarı keçirilib. Tədbir Azərbaycan Karate Federasiyasının rəhbərliyi və “FHN-Budokan” İdman Klubunun təşkilatçılığı ilə baş tutub.

Tsport.az xəbər verir ki, seminarda ölkənin müxtəlif bölgələrindən 500-dən çox karateçi və məşqçi iştirak edib. Rəsmi hissə Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, 8-ci dan qara kəmər sahibi Füzuli Musayev çıxışında tədbirin əhəmiyyətini vurğulayıb. O, federasiya prezidenti Ülvi Quliyevin seminar iştirakçılarına ünvanladığı xoş arzuları çatdırıb və bildirib:
“Bu seminar təkcə texniki hazırlıq deyil, həm də milli ruhun aşılanması baxımından vacibdir. Karateçilər vətənpərvər gəncliyin önündə gedən nümunələrdir.”

Seminar həmçinin “23 İyun – Dünya Olimpiya Günü” çərçivəsində də qeyd olunub. Federasiya rəsmiləri Azərbaycan karateçilərinin beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil etdiyini və idmanın sülh, dostluq və birlik ideyalarını təbliğ etdiyini bildiriblər.

Sonda seminar iştirakçılarına xüsusi sertifikatlar təqdim olunub.