FIFA beynəlxalq oyun təqvimində dəyişiklik etdi
Bakı, 7 oktyabr, Tsport.az
FIFA 2026–2030-cu illərdə kişilərdən ibarət milli komandalar üçün beynəlxalq oyun təqvimində yeniliklər edib.
Tsport.az xəbər verir ki, sentyabr və oktyabr aylarında milli oyunlar səbəbindən yaranan iki ayrı fasilə birləşdiriləcək.
Yeni qərara əsasən, artıq bu aylarda yalnız bir vahid beynəlxalq fasilə olacaq. Fasilə sentyabrın sonlarından oktyabrın əvvəlinə qədər davam edəcək və komandalar bu müddətdə dörd oyunadək keçirə biləcəklər.
Bu dəyişiklik yerli liqalarda, o cümlədən Azərbaycan Premyer Liqasında, təxminən 21 sentyabrdan etibarən üç həftəlik fasilə yaranmasına səbəb olacaq.
Hazırda isə sentyabr və oktyabr aylarında ayrı-ayrılıqda iki beynəlxalq fasilə mövcuddur və millilər bu fasilələrdə maksimum iki oyun keçirə bilir.