FIFA Ermənistan Futbol Federasiyasını cərimələyib
Bakı, 8 oktyabr, Tsport.az
FIFA, Ermənistan millisinin Portuqaliya və İrlandiya ilə keçirdiyi oyunlara görə ölkənin Futbol Federasiyasına 13 min İsveçrə frankı (təxminən 16 min dollar) məbləğində cərimə tətbiq edib.
Tsport.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Cərimənin 12 min frankı, Portuqaliya ilə keçirilən matçda komandanın qeyri-münasib davranışı, nizam-intizamın və təhlükəsizliyin pozulması, eləcə də azarkeşlərin meydana daxil olmağa cəhd göstərməsi ilə bağlıdır.
FIFA, Portuqaliya Futbol Federasiyasına xəbərdarlıq edib. İrlandiya ilə görüşdə baş verən insidentlərə görə isə Ermənistan tərəfi əlavə olaraq 1000 frank ödəyəcək.