FIFA yeni layihəyə start verib
Bakı, 7 oktyabr, Tsport.az
FIFA prezidenti Canni İnfantino ABŞ-ın Nyu-York şəhərində ehtiyac sahibi uşaqların təhsili üçün nəzərdə tutulan “Təhsil Fondu” layihəsini elan edib.
Tsport.az xəbər verir ki, Global Citizen təşkilatı ilə birgə həyata keçirilən bu təşəbbüslə 2026 Dünya Çempionatına qədər 100 milyon dollar toplanması hədəflənir. İndiyədək artıq 30 milyon dollar ianə yığılıb.
İnfantino bildirib:
“Bu fond vasitəsilə uşaqlara təhsil imkanı vermək, onlara bir şans və ümid bəxş etmək istəyirik.”
FIFA rəhbəri əlavə edib ki, satılan hər biletin bir dolları bu fonda yönəldiləcək.
“Musiqi, futbol və xeyirxahlığı bir araya gətirmək bizim vəzifəmizdir. Dünya Kuboku təkcə turnir deyil, həm də gələcəyə bir sərmayədir,” – deyə İnfantino vurğulayıb.
Tədbirdə aktyor Hyu Cekman, Global Citizen direktoru Hyu Evans və kolumbiyalı müğənni Kamilo da iştirak edib.
FIFA bu layihə ilə dünyanın müxtəlif bölgələrindəki minlərlə uşağa təhsil imkanı yaratmağı hədəfləyir.