Formula 1-də həyəcan davam edir
Bakı, 3 aprel, Tsport.az
Bir həftəlik fasilədən sonra Formula 1-də həyəcan Yaponiyada davam edir.
Tsport.az xəbər verir ki, sezonun 3-cü yarışı, 5.8 kilometrlik Suzuka Beynəlxalq Yarış Pisti’ndə keçiriləcək. 53 dövr üzrə baş tutacaq yarışda pilotlar təxminən 308 kilometrlik məsafə qət edəcəklər.
1987-ci ildən bəri Formula 1 təqvimində yer alan Yaponya Grand Prix-si bu il 35-ci dəfə təşkil olunur və məşhur 130 R, Degner və Spoon döngələri ilə tanınır.
Bu ilki yarışda Yuki Tsunoda, Red Bull Racing ilə ilk yarışına çıxacaq. Eyni zamanda, Red Bull Racing, Honda ilə sona çatan tərəfdaşlığını şərəfləndirmək üçün Suzuka yarışında xüsusi dizayndan istifadə edəcək.
İlk iki yarışın ardından McLaren 78 xal ilə komanda çempionatında liderdir. Lando Norris isə Max Verstappen-dən 8 xal qabaqdadır və liderdir.
Yarış bazar günü yerli vaxtla saat 09:00-da başlayacaq.