Azərbaycan Futbolu

“Futbolçularımız çox istəkli və motivasiyalıdırlar” – Fernando Santos

Bakı, 6 iyun , Tsport.az 

Yoldaşlıq görüşü çərçivəsində keçiriləcək LatviyaAzərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş və yarımmüdafiəçi Emin Mahmudov fikirlərini bölüşüblər.

Tsport.az xəbər verir ki, Fernandu Santuş futbolçuların hazırlıq səviyyəsindən razılıq ifadə edərək bildirib ki, “Qarabağ” və “Sabah”ın oyunçuları ölkə kubokunun finalından sonra komandaya qoşulublar və eyni tempdə hazırlaşırlar. Baş məşqçi Latviya millisinin keyfiyyətli futbolçulardan ibarət olduğunu vurğulayaraq, rəqib barədə oyunçularına ətraflı məlumat verdiyini qeyd edib. Kapitan sarğısını və penalti vuran rolunu Emin Mahmudovun daşıyacağı açıqlanıb.

“Təlim-məşq toplanışının əvvəlindən futbolçular özlərini çox yaxşı tərəfdən göstərirlər. Onlardan nələr tələb etdiyimi başa düşürlər. “Qarabağ” və “Sabah”ın futbolçuları ölkə kubokunun final oyunundan sonra kollektivə qoşuldular. Onlar da eyni tempdə hazırlaşırlar. Bütünlüklə sabahkı oyuna köklənmişik. Çətin görüş olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya yığması keyfiyyətli futbolçulardan qurulub. Rəqib barədə oyunçularımıza ətraflı məlumat vermişik. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Futbolçularımızın hamısı çox istəkli və motivasiyalıdırlar. Kubokun finalından sonra komandaya qoşulanlarla yalnız taktiki məşqlər üzərində çalışa bildik. Bunu da meydanda göstərəcəklərinə inanıram. Sabah start heyətində meydana çıxsa, kapitan sarğısını Emin Mahmudov taxacaq. Həmçinin, komandanın penalti vuranı da o olacaq”. 

Emin Mahmudov isə komandada qələbə ruhunun yüksək olduğunu bildirərək, Latviya yığmasının güclü rəqib olsa da, Azərbaycan millisinin qələbəyə ehtiyacı olduğunu vurğulayıb.

“Sabah yaxşı oyun göstərərək qalib gəlməyə çalışacağıq. Bunu bacaracağımıza inanıram. Çünki qələbə qazanacaq keyfiyyətə malik futbolçularımız var. Düzdür, Latviya yığması da yaxşı komandadır. Ancaq bizə qələbə lazımdır”.