DigərMüsahibə

“Gələn dəfə qızıl medal mənim olacaq”

Bakı, 4 oktyabr, Tsport.az

Bu sözləri Azərbaycanda təşkil edilən III MDB Oyunlarında ölkəmizi təmsil edən Mirnuray Abbasova deyib.

Tsport.az xəbər verir ki, qılıncoynatma üzrə bürünc medal sahibi olan təmsilçimiz oyundan sonra fikirlərini bizimlə bölüşüb:
“Bu yarışa çox məşq etmişdim, yaxşı hazırlaşmışdım. Əslində, bu medalı özümdən gözləyirdim. Sadəcə, rəqiblərim həm yaş, həm də təcrübə baxımından məndən daha üstün idilər. İlk mərhələni 8-ci pillədə keçdim. Sonra Belarus rəqibimə qalib gəldim. Medal uğrunda isə rus rəqiblə mübarizə apardım və 15-13 hesabı ilə məğlub oldum. Rəqib həqiqətən çox güclü və məndən daha təcrübəli idi.

Mən bu medalı özümdən gözləyirdim, lakin daha yaxşı nəticələr də umurdum. Daha çox çalışacağam. İnanıram ki, belə medallar qazanaraq Azərbaycan bayrağını ucaldacağam.

İndiki hədəflərim Avropa və Dünya çempionatlarında medal qazanmaqdır. Məşqçilərimə təşəkkür edirəm. Xüsusilə şəxsi məşqçim Samir Hüseynova, həmçinin yarışda mənim yanımda olan Nəcəf müəllimə və Vəkil müəllimə minnətdarlığımı bildirirəm. Yarış zamanı məni tək qoymadılar.

Dediyim kimi, rəqiblərim məndən daha güclü və təcrübəli idilər, yaşları da məndən böyük idi. Bu amili rəqibimin qalib gəlməsinin səbəblərindən biri hesab edirəm. Amma bunu bəhanə kimi görmürəm. Səhvlərimin üzərində daha çox işləyəcəyəm və inanıram ki, gələn dəfə qızıl medal mənim olacaq”.

Bahar Rüstəm