“Galatasaray”, Hakan Çalhanoğlu transferi üçün hərəkətə keçdi
Bakı, 13 iyun , Tsport.az
İtaliya Serie A klubu “Inter“də baş məşqçi dəyişikliyi “Galatasaray“ın diqqətini Hakan Çalhanoğluna yönəldib. Cristian Chivunun komandanın başına keçməsindən sonra klubda gəncləşdirmə siyasətinin aparılması gözlənilir. Bu plan çərçivəsində 31 yaşlı yarımmüdafiəçi ilə yolların ayrılması ehtimalı gündəmə gəlib.
Tsport.az xəbər verir ki, “Galatasaray” Hakan Çalhanoğlunun vəziyyətini yaxından izləməyə başlayıb. Sarı-qırmızılılar, Leroy Saneni transfer edərək güclü heyət qurma yolunda irəliləyərkən, indi də Hakan üçün hərəkətə keçib. Klub prezidenti Dursun Özbekin bu transferə şəxsən müdaxilə etdiyi bildirilir.
İtalyan mətbuatına görə, “Inter” Hakan Çalhanoğlu üçün 40 milyon avro tələb edir. “Galatasaray” isə bu məbləği aşağı salmaq üçün danışıqlar aparır. Bundan əlavə, milli futbolçu “Galatasaray” formasını geyinməyə müsbət yanaşır və transferə isti baxır.