“Galatasaray”da Wilfried Singo itkisi
Bakı, 6 oktyabr, Tsport.az
“Galatasaray” klubunda Wilfried Singonun zədəsi narahatlıq yaradıb.
Tsport.az xəbər verir ki, 24 yaşlı futbolçu “Beşiktaş” derbisində zədələnərək oyunu yarımçıq tərk edib. Müayinədən sonra Fildişi Sahilli müdafiəçinin ayağının sol arxa hissəsində orta dərəcəli gərilmə və qanaxma aşkarlanıb.
Müalicəsinə başlanılan Singonun təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu müddətdə o, ölkəsinin Seyşellər və Keniya ilə oyunlarında iştirak etməyəcək.
Singo həmçinin “Galatasaray”ın “Rams Başakşehir” və UEFA Çempionlar Liqasında “Bodo/Glimt” ilə matçlarını buraxacaq. Fildişi Sahilli futbolçunun “Göztepe” və “Trabzonspor” qarşılaşmalarında da oynamaq şansının az olduğu bildirilib.
Klubun tibbi heyəti Singonu 5 noyabrda keçiriləcək “Ajax” oyununadək tam sağaltmağa çalışacaq.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi bu mövsüm “Galatasaray”ın heyətində 7 matça çıxıb, onların 5-də start heyətində yer alıb və 1 qol ötürməsi ilə yadda qalıb.