Azərbaycan FutboluMüsahibə

“Göstərəcəyim performansın milli komanda üçün də diqqətəlayiq olacağına inanıram” – Rüfət Abdullazadə

Bakı, 25 iyul , Tsport.az

Səbail” komandasının üzvü Rüfət Abdullazadə Xorvatiyasnın “Varaždin” klubuna transfer olunub.

Tsport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi transferi ilə bağlı fikirlərini bizimlə bölüşüb.

-⁠ Öncəliklə yeni klubun münasibətilə səni təbrik edirik! “Varaždin”ə keçid necə reallaşdı?
Çox təşəkkür edirəm! Əslində, agentim müxtəlif ölkələrin uyğun liqalarından olan klublarla danışıqlar aparırdı və “Varajdin” də həmin variantlardan biri idi. Keçənilki performansım və göstəricilərim onların diqqətini çəkdi. Layihə ilə daha yaxından tanış olduqca biz də bu istiqamətdə ciddi şəkildə fokuslanmağa başladıq. Prosesi peşəkarcasına davam etdirdik və nəticədə uğurlu müqavilə ilə yekunlaşdı.

– Xorvatiya futbolu, xüsusilə də “Varaždin” klubu barədə əvvəlcədən məlumatın varmıydı? Bu mühit sənə nə vəd edir?
Düzünü desəm, “Varajdin” haqqında əvvəldən çox az məlumatım var idi — sadəcə adını eşitmişdim. Klubla tanış olduqca gördüm ki, çox sistemli işləyən, gənclərə şans verən, sabit struktura malik bir komandadır. Bu cür mühit mənə həm inkişaf, həm də daha yüksək səviyyəyə hazırlaşmaq baxımından çox şey vəd edir.

– ⁠“Səbail”də iki mövsüm ərzində sabit çıxış etdin. Səncə, bu transfer sənin həmin dönəmdə göstərdiyin performansın nəticəsidir?
Bəli, “Səbail”də keçirdiyim dövr mənim üçün çox dəyərlidir. Orada qazandığım təcrübə və göstərdiyim sabit performans bu transferə zəmin yaratdı. Ümumiyyətlə, mən düşünürəm ki, göstəricilər yaxşı olarsa, uyğun komandalar sənin bacarıqlarından istifadə etmək istəyəcək. Ona görə də hər zaman nəticələrimə və statistikamda sabitliyə xüsusi diqqət yetirirəm.

– Yeni komandan və məşqçi heyəti ilə ilk təəssüratların necə oldu? Adaptasiya prosesi necə keçir?
Çox müsbət qarşılandım və qısa müddət ərzində mühitə uyğunlaşa bildim. Lakin qeyd etməliyəm ki, komandanın oyun tempinə uyğunlaşmaq üçün mənə bir az vaxt lazımdır. Çünki mən buraya müəyyən müddət idmansız gəlmişdim və indi komandaya çatmaq üçün xüsusi fərdi proqram əsasında məşqlər edirəm. Məşqçilər korpusu bu prosesi çox peşəkar şəkildə idarə edir. Düşünürəm ki, yaxın 1 ay ərzində komandanın tempinə tam uyğunlaşacağam.
Eyni zamanda rəhbərlik də çox açıqgörüşlü və dəstəkləyicidir. Oyuncularla daim birbaşa əlaqədə olurlar və istənilən məsələdə kömək göstərməyə hazırdırlar. Məşq və bərpa prosesi üçün yaradılmış şərait də çox yüksək səviyyədədir.

– Sən əsasən sağ cinahda çıxış edirsən. “Varaždin”də səni hansı mövqedə görməyi planlaşdırırlar?
Təbii ki, bu barədə son qərarı məşqçilər verir. Amma ilkin danışıqlarda məni sağ cinah wingeri kimi görmək istədiklərini bildirdilər. Lakin ehtiyac olarsa və taktiki planda dəyişiklik olarsa, mövqeyim oyunlara əsasən dəyişə bilər. Mən komandaya harada faydalı olacamsa, orada oynamağa hazıram.

– ⁠Həm “Səbail”, həm də “Sumqayıt” təcrübələrin sənə nə öyrətdi? Bu təcrübələri Avropada necə istifadə etməyi düşünürsən?
Hər iki klub mənim üçün çox dəyərli mərhələlər idi. “Sumqayıt”da ilk addımlarımı atdım, “Səbail”də isə daha yetkin və sabit oyunçuya çevrildim. Bu klublarda qazandığım məsuliyyət hissi, komanda ruhu və meydandakı taktiki davranış mənə indi, bu cür rəqabətli mühitdə daha güvənli olmağa kömək edir.

– ⁠Səncə, Azərbaycan Premyer Liqası ilə Xorvatiya liqası arasında hansı əsas fərqlər var? İndidən hansı nüanslar diqqətini çəkib?
Təbii ki, bu barədə tam fikir bildirmək üçün hələ oyunlara çıxmalıyam. Amma ilkin məşqlərdən belə aydın görünür ki, buradakı temp və pressinq səviyyəsi daha yüksəkdir. Hər şey daha sürətli və dinamik şəkildə baş verir. Bunu hiss etmək üçün oyuna çıxmağa belə ehtiyac yoxdur — artıq məşqlərdə fərq göz önündədir.

-⁠ ⁠“Varaždin”də şəxsi hədəflərin nədir? Bu transfer sənin üçün sadəcə yeni mərhələdir, yoxsa daha böyük planların başlanğıcı?
Bu transfer mənim üçün təkcə yeni mərhələ deyil, həm də gələcək planlarım üçün ciddi addım oldu. Burada məqsədim ilk növbədə komandanın əsas heyətində sabit çıxış etmək, qol və assistlərlə nəticəyə təsir göstərməkdir. Uzunmüddətli baxışda isə daha böyük liqalarda çıxış etmək və beynəlxalq səviyyədə özümü təsdiqləmək istəyirəm.

– ⁠Milli komandamızda çıxış etmək hədəfin varmı? Xaricdə oynamaq bu baxımdan sənin üçün üstünlük yaradacaqmı?
Əlbəttə, milli komanda hər bir futbolçunun arzusudur. Mən də bu hədəfə doğru çalışıram. Xaricdə oynamaq görünürlük və təcrübə baxımından əlavə üstünlüklər yaradır. “Varajdin”də göstərəcəyim performansın milli komanda üçün də diqqətəlayiq olacağına inanıram.

– ⁠Bu transferin reallaşmasında agentinin və onun komandasının rolu nə qədər önəmli oldu?
Çox böyük rol oynadı, açıq deyim. Agentim Emil Asadov və onun rəhbərlik etdiyi Asadov Pro Bridge bu transferin hər addımında mənim yanımda oldular. Sadəcə klub tapıb danışıqlar aparmaq yox, mənim üçün doğrudan da uyğun yerin, uyğun mühitin tapılması üçün çalışdılar. Emil ilə aramızda çox güclü güvən var. Onun futbola baxışı, yanaşması bir az fərqlidir — o, futbolçunu “satıb getmək” üçün yox, gələcək planla irəli aparmaq üçün işləyir. Bu prosesdə hər şeyə səliqə ilə yanaşdılar və mənə sadəcə məşqlərimə fokuslanmaq qaldı.

-⁠ ⁠Sonda Azərbaycandakı azarkeşlərinə, keçmiş komanda yoldaşlarına və səni daim izləyənlərə nə demək istərdin?
Hər birinizə səmimi təşəkkürümü bildirirəm. Mənə göstərilən dəstək və inam üçün minnətdaram. “Sumqayıt” və “Səbail”dəki bütün komanda yoldaşlarıma, məşqçilərə və rəhbərliyə təşəkkür edirəm. Azarkeşlərə isə demək istəyirəm ki, dəstəyinizi həmişə hiss etmişəm və bu yolda mənimlə olduğunuz üçün qürur duyuram. İndi isə sizi “Varajdin”in oyunlarını izləməyə dəvət edirəm.

Bahar Rüstəm