“Gözləmək, zamana buraxmaq lazımdır” – Ruslan Əmircanov
Bakı, 5 may, Tsport.az
Misli Premyer Liqasında mövsümün bitməsinə artıq 3 tur qalıb. Gələn mövsüm üçün AFFA 2 mühüm qərar qəbul edib. Legioner limitinin ləğvi və komanda sayının artırılması yeni mövsüm marağın çoxalmasına səbəb oldu.
Tsport.az xəbər verir ki, qərarın müsbət və mənfi tərəfləri, yaradacağı vəziyyətlərlə bağlı millimizin sabiq üzvü Ruslan Əmircanovun fikirlərini öyrəndik.
“Legioner limitinin ləğvi yerli futbolçular üçün yaxşı qərar deyil. Limit üçün şans verilən futbolçular gələn mövsümdən şans tapa bilməyəcək. Klublar onları limit üçün məcburən forma şansı verirdilər. Amma yeni mövsümdə yuxarı yerlər üçün mübarizə aparan klublar artıq legionerlərə üstünlük verəcək. Bu halda yerli futbolçular oynamaq şansı tapmayacaq. Bəlkə də AFFA belə addım atmaqda haqlı səbəbləri var. Yaxın 5 il ərzində ölkə futbolunun inkişafı edəcəyini düşünürlər. Hər kəs həm federasiya, həm məşqçilər ölkə futbolunun inkişafını istəyirik. Amma fikrimcə, ölkə futbolunun inkişafı bu addımla daha da çox problem yaşayacaq.
Klubların legionerlərə üstünlük verməsində əsas səbəb eyni məbləğ qarşılığında əcnəbi futbolçular daha çox fayda verməsidir. Komanda üçün effektiv olacaq. Amma gələn futbolçular liqamızda Messi və ya Yamal kimi performans göstərməyəcək. Tez-tələsik gətirilən legionerlər gözlənilən performansı göstərmir.
Böyük büdcəyə malik klublar əcnəbi futbolçu baxımından yaxşı transferlər etsə də, daha aşağı büdcəli klublar yerli futbolçulara üstünlük verə bilər. Çoxlu sayda legioner böyük büdcə tələb edir.
Portuqaliyalı baş məşqçini milli komandaya baş məşqçi təyin edən, bu cür qərarlar qəbul edən şəxslər nəsə bilirlər ki, edirlər. Deyə bilmərəm ki, yalnış addımdır. Çünki bizim futbolçularımız liqada gözlənilən performansı göstərmirlər. Amma yerli futbolçuların harda çıxış edəcək? Bu vəziyyətdə milli necə inkişaf edəcək? Yerli futbolçular özlərini yaxşı formada göstərməlidirlər.
Qərarın müsbət tərəfləri də odur ki, əgər yaxşı legionerlər gəlsə, liqada temp yüksələcək. Yerli futbolçularımız onlardan yaxşı mənada nəsə götürəcəksə, o zaman inkişaf üçün nəsə demək olar. Oynanamaqla barışacaqlarsa, bu mənfi təsir göstərəcək.
Liqaya yenidən maraq artacaq. Bölgələrdən gələn komandalar liqaya rəng qatacaq. Azarkeşlər üçün oyunlar daha maraqlı olacaq. Oyunların sayı artacaq. Komandanın sayının çox olması, ümumilikdə çempionatı daha baxımlı edəcək. Həm də komandanın sayının çox olması, gənc futbolçular üçün daha yaxşı olacaq. Nümunə olaraq, Ayxan Abbasovu göstərə bilərik. Gənc futbolçulardan yaxşı komanda toplayıb. Həm yaxşı məşqçidir, həm də gənclərə şans verir. Rəhbərlik də ona bu şansı verməsi də gözəl addımdır. Başqa komandalarada nümunə ola bilər.
Ölkəmizdə həmişə futbol olub. İndi də bölgə klubları maraq qatacaq. 2 bölgə komandası çempionatda artdı. Artıq o əvvəlki abu-hava, stadionları dolması, ev oyunlarına olan maraq artacaq. Həm keyfiyyət həm də səviyyə artacaq. Sadəcə olaraq, yeni komabdalar yerli futbolçular, səviyyəli legionerlər gətirərək balansı qorusalar, hər iki tərəf üçün xeyirli olar.
Birdən-birə bir çox komandanın sayının 15-16-ya artırılması da yaxşı hal deyil. Planda, infansturukdurda problem yaradacaqdır. Amma hissə-hissə olması, daha əlverişli olacaq. Hər il 2 komanda artırılması effektiv olar. Gözləmək, zamana buraxmaq lazımdır”.
Bahar Rüstəm