“Həmişə milli formanı geyinmək istəmişəm”
Bakı, 6 oktyabr, Tsport.az
Azərbaycan Milli Komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens”də Fransa yığması, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukrayna seçməsinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
Tsport.az xəbər verir ki, Azərbaycan Milli Komandasına ilk dəfə dəvət alan Faiq Hacıyev ilkin təəsüratlarını bizimlə bölüşüb:
– Əlbəttə ki, çox sevincliyəm. Həmişə milli formanı geyinmək istəmişəm. Şükürlər olsun Allaha ki, bu hissi yaşamaq mənə nəsib oldu.
– Bu, sizin milli komandaya ilk dəvətinizdir. Həmçinin uzun müddətdən sonra komandanızdan milliyə dəvət alan ilk futbolçusunuz. Bu barədə nə düşünürsünüz?
– Bəli, ilk dəfədir ki, milli komandaya dəvət alıram. İnşallah, bunun davamlı olması üçün çox çalışacağam.
– Milli komandadakı ilk matçınızda Fransa kimi güclü rəqibə qarşı mübarizə aparacaqsınız. Bu, sizin üzərinizdə əlavə təzyiq yaradırmı?
– Xeyr, təzyiq deməzdim. Əksinə, belə oyunlara insan daha motivasiyalı çıxır. İnşallah, hər şey istədiyimiz kimi keçər.
– Fransa və Ukrayna milliləri haqqında məlumatınız varmı?
– Bəli, müəyyən qədər məlumatlıyam. Milli komanda bir araya gələndən sonra məşqçilər bizi oyunlara qədər daha ətraflı məlumatlandıracaqlar.
– Artıq Azərbaycan milli komandasında yerli məşqçi çalışacaq. Sizcə, yerli məşqçinin olması komandaya necə təsir göstərə bilər?
– Əlbəttə ki, yerli məşqçilər yerli futbolçuların psixologiyasını daha yaxşı bilirlər. Hər futbolçu ilə necə işləmək lazım olduğunu hamıdan yaxşı anlayırlar.
– Keçən mövsüm performansınız həm futbol ictimaiyyəti, həm də azarkeşlər tərəfindən bəyənilmişdi. Lakin keçmiş baş məşqçi Fernando Santos sizə şans verməmişdi. Ayxan Abasov isə ilk çağırışında sizi milliyə dəvət etdi. Sizcə, bunun səbəbi nə ola bilər?
– Hər məşqçinin öz seçimi olur. Mən Santos haqda heç nə deyə bilmərəm. Amma Ayxan hocaya çox təşəkkür edirəm ki, mənə güvənib bu şansı verdi. Mən də onun etimadını doğrultmağa çalışacağam.
Bahar Rüstəm