Futzal

“Hədəfimiz 1/4 finaldır”

Bakı, 6 sentyabr ,  Tsport.az 

UEFA Çempionlar Liqasının seçmə mərhələsində çıxış edən təmsilçimiz   “Araz-Naxçıvan” qrupdan naməğlub çıxmağı bacarıb.

Tsport.az xəbər verir ki , komandanın üzvü Xəzər Ağalızadə komandanın seçmə mərhələdəki çıxışı ilə bağlı fikirlərini bizimlə bölüşüb. 

Onun sözlərinə görə, qrup mərhələsindəki rəqiblər zəif görünə bilərdi, lakin hər birinin özünəməxsus oyun üslubu var idi və bu oyunlar asan başa gəlməyib:

“Bəli, bu mövsüm də əvvəlki kimi yüksək nəticə əldə etdik, amma bu dəfə fərqli idi. Rəqiblər taktiki baxımdan fərqli sistemlər tətbiq edirdilər. Bizim üstünlüyümüz həm taktiki, həm də fiziki baxımdan daha hazırlıqlı olmağımız idi. Bunu meydanda göstərdik və nəticələr də bunu sübut etdi. Amma bu, rəqiblərin zəifliyi demək deyil. Sadəcə biz bu turnirə ciddi hazırlaşmışdıq”.

Xəzər bildirib ki, “Araz-Naxçıvan” ötən mövsümdə də eyni rəqiblə qarşılaşıb və böyük hesabla qalib gəlib. Bu dəfə isə məsuliyyət daha çox idi:

“Keçən il həmin komandaya qarşı 7:1 hesabı ilə qalib gəlmişdik. Bu dəfə isə heyət baxımından daha tam, hazırlıqlı idik. İstər fiziki, istərsə də taktiki hazırlığımız keçən ilə nisbətən ən azı iki-üç dəfə artıq idi. Bu da nəticələrə birbaşa təsir etdi”.

Qrup mərhələsinin sonrakı mərhələyə yol açdığını deyən gənc futzalçı bildirib ki, məqsədləri 1/4 finala yüksəlməkdir və komanda bu yolda əzmlə çalışır:

“Hədəfimiz 1/4 finaldır. İndidən rəqiblərimizin təhlilinə başlamışıq. Hazırda onları təxminən 60 faiz tanıyırıq. Qarşıdakı günlərdə bu tanışlığı 100 faizə çatdırmaq üçün daha dərindən analiz edəcəyik”.

Ağalızadə bildirib ki, futzalda nəticəni əvvəlcədən tam proqnozlaşdırmaq mümkün deyil:

“Bu futzaldır, böyük meydanlı futbol deyil. Bir dəqiqədə 5 qol vurula bilər, bəzən isə 40 dəqiqə heç bir qol olmaz. Hər oyun fərqlidir. Amma bizim hədəfimiz dəyişmir: mərhələni keçmək və Azərbaycanı layiqincə təmsil etmək”.

Bahar Rüstəm