“Hər bir futbolçunun hədəfi odur ki, Avropada oynasın” – Murad Məmmədov.
Bakı, 10 iyun , Tsport.az
Bu sözləri millimizin və “Neftçi ”nin üzvü Murad Mammadov deyib. Gənc futbolçu Azərbaycan 0-0 Monteneqro (U-21) matçından sonra fikirlərini bizimlə bölüşüb:
-Məncə, oyun yaxşı keçdi, üstünlüyümüz şəraitində keçdi. Yəni demək olar ki, bütün oyunu biz oynadıq. Yaxşı epizodlarımız var idi, amma onları dəyərləndirə bilmədik. Mənim 100%-lik qol epizodum da var idi. Qismət belə gətirdi.
Ümumi olaraq bu məşq toplanışını necə qiymətləndirirsiniz?
-Ümumilikdə, məşq toplanışına çox yaxşı başladıq. Həm Bakıda, həm də Belarusiyada məşqlərimiz yaxşı keçdi. Lakin Belarusiyadakı oyunda bəzi xoşagəlməz səhvlər buraxaraq qollar yedik və məğlub olduq. Amma çalışdığımız qədər bu oyuna yaxşı kökləndik. Bakıdakı oyunda özümüzün ən yaxşı tərəflərimizi göstərdik ki, bu günkü oyuna hazır olaq. Məncə, bu günkü oyuna da yaxşı başladıq. Yaxşı bir sonluq ola bilərdi, lakin oyun heç-heçə başa çatdı.
– Oyundan sonra meydanda baş verən mübahisə nə səbəbdən baş verdi?
-Bu futboldur — hər kəs emosional olur. Belə şeylər baş verir. Düzdür, xoşagəlməz hadisələrdir, heç kim istəməz ki, belə şeylər olsun. Amma bu, qaçınılmazdır.
Komandanın fiziki və motivasiya baxımından vəziyyətini necə qiymətləndirirsiniz?
-Hazırda komandanın hər bir üzvü formadadır. Düzdür, elə oyunçular var ki, çempionatda çox da şans qazanmır. Amma bu, heç nə demək deyil. Bura gələn hər kəs var gücü ilə çalışır, çünki bu, milli komandadır. Ölkəmizi təmsil edirik, ən azından ölkəmizin adı gedir, və biz də çalışdığımızın ən yaxşısını etməyə çalışırıq.
Klub səviyyəsində gələcəyinizlə bağlı hansı planlarınız var?
-Hal-hazırda “Neftçi”dəyəm. Mənim 1 illik müqaviləm var. Hələlik heç nə fikirləşmirəm. Düzdür, təkliflərə baxacağam. Yaxşı təklif olsa, “Neftçi” ilə danışacağıq. Amma hələlik “Neftçi”ni fikirləşirəm. İnanıram ki, “Neftçi” gələn mövsüm çox yaxşı yerlərə gələcək.
Növbəti mövsüm üçün hədəfləriniz nələrdir?
-Hər bir futbolçunun hədəfi Avropada oynamaqdır. Mən də gələn mövsüm Avropada çıxış etmək, legioner həyatı yaşamaq istəyirəm. Qismət olsa, yaxşı olacaq.
Bahar Rüstəm