Azərbaycan FutboluMüsahibə

“Hər çətinliyin öhdəsindən gələ biləcək kollektivimiz var” – Vadim Abdullayev

Bakı, 16 aprel, Tsport.az

Misli Premyer Liqasının XXXI turuna bu gün start verilir. Turun açılış matçında “Araz-Naxçıvan” evdə “Turan-Tovuz“u qəbul edəcək.

Tsport.az xəbər verir ki, matçdan əvvəl ‘Araz-Naxçıvan”ın 30 yaşlı yarımmüdafiəçisi Vadim Abdullayev sualarımızı cavablandırıb.

-Hazırda həm çempionatda, həm də kubokda Avropa üçün mübarizə aparırsınız. İki cəbhədə bu qədər önəmli oyunlar oynamaq fiziki və psixoloji baxımdan çətinlik yaradırmı?

-Hazırda iki cəbhədə mübarizə aparırıq. Təbii ki, komandada hamı bilir ki, zədəlilərimiz çoxdur. Bu mövsüm zədəlilər bizə çox problem yaratdı. Şükürlər olsun, komandamızın üstün cəhəti birliyimizin olmasıdır. Fiziki cəhətdən çox yaxşı komandayıq. İnşallah bütün problemlərin öhdəsindən gələcəyik. Həm kubokda, həm də çempionatda vacib oyunlarımıza var gücümüzlə hazırlaşırıq. Ümid edirəm ki, istədiyimiz hədəfə çatarıq.

-Bu tur “Turan Tovuz”la oynayırsınız və nəticə ilk 3-lük üçün birbaşa rol oynayacaq. Bu qarşılaşmaya xüsusi hazırlıq varmı?

-“Turan-Tovuz”la oyun həm gərgin həm maraqlı olacaq. Demək olar ki, bu oyun çox şeyi həll edəcək. Həm biz, həm də ” Turan-Tovuz” bunun fərqindədir. Kim daha çox istəyib, daha çox çalışacaqsa, o da qalib gələcək. Çox məsuliyyətli və ciddi oyundur. Ümid edirəm istədiyimiz nəticəni əldə edərik.

-Azərbaycan Kubokunda da yarımfinaldasınız. Əgər finala yüksəlsəniz və orada qələbə qazansanız, Avrokuboklara çıxmaq ehtimalınız çempionata baxmadan artır. Bu sizə əlavə motivasiya verir, yoxsa diqqəti bölür?

-Kubokda yarı-finladayıq. 1-0 üstünlüyümüz var. Amma hamı başa düşür ki, “Qarabağ”la oyunda 1-0 üstünlük çox da mənalı deyil. Ağır 90 dəqiqə bizi gözləyir. Nəticəni bilmək olmaz. Amma hazırda bizim önəmli çempionat oyunumuz var. Psixoloji olaraq ancaq onu düşünürük. Tovuzla oyun hazırda əsasdır. Ondan sonra ” Qarabağ”la oyun haqqında fikirləşəcəyik. Hər çətinliyin öhdəsindən gələ biləcək kollektivimiz var.

-“Araz-Naxçıvan” ötən mövsümdən etibarən Azərbaycan futboluna qayıdıb və artıq ilk “3-lük” uğrunda mübarizə aparır. Bu qədər tez bu səviyyəyə çatmağı nə ilə izah edərdiniz? Komandanın uğur sirri nədədir?

-“Araz-Naxçıvan” qısa müddət ərzində Avroliqalar üçün mübarizə aparması çox xoş haldır. Bu yerlərə gəlmək üçün təbii ki hamının əməyi danılmazdır. Kollektiv nə qədər düzgün qurularsa, əsas nə qədər sağlam olarsa, nəticə o qədər yaxşı olar. Oyunlara köklənmik. Ümumiyyətlə yaxşı kollektivimiz var. Bizə inanan rəhbərliyimiz var. Özümüzdə inanırıq. Yayda məşq toplanışındada birliyimiz çox yaxşı idi. Bilirdik ki, biz hər şeyin öhdəsindən gələ bilərik. Hər iki cəbhədə son ana kimi mübarizə aparacağıq. “Araz-Naxçıvan”ı Avropada təmsil edəcəyik.

-Komanda bu mövsüm ilk dəfə Avrokuboklara real namizəddir. Sizcə, bu fürsəti dəyərləndirmək üçün nələrə daha çox diqqət yetirmək lazımdır?

-Təbii ki, fürsət yaranıb, biz də yararlanmağa çalışacağıq. Bu motivasiyasiyamızı saxlasaq, bütün oyunlarda istədiyimizi əldə edə bilərik.

-Çempionatın sonunda rəqiblərin qrafiki də böyük rol oynaya bilər. Sizcə, “Araz-Naxçıvan”ın son turlardakı təqvimi komandanın hədəfinə çatmasına imkan verir?

-Rəqibdən çox öz oyunumuza köklənmişik. Hər oyunda məşqçimiz bunu bizə aşılamağa çalışır. Bu sıx qrafikdə hər oyun çətindir. Bütün komandaların öz hədəfləri var. Ona görə hər kəs xal almağa çalışır. “Qarabağ”dan başqa bütün komandalar xal ala bilir. Hər oyun çətindir.

-Mövsümün bu mərhələsində az səhvlə oynamaq vacibdir. Komanda daxilində bu məsuliyyət necə paylaşılır? Liderlik və komanda ruhu bu mərhələdə özünü necə göstərir?

Komandamızın ən üstün cəhəti möhkəm olmağımızdır. Komanda daxilində və xaricində müzakirələr edirik. Bir-birimizə dəstək oluruq. Mən də öz üzərimə düşəni etməyə çalışıram. Bu gün bu yerlərə gəlməyimizdən ən böyük rol baş məşqçimizindir. Elmar müəllim bizə inanır və güvənir. Hər oyundan sonra bizi daha yaxşısını edə biləcəyimizə inandırır. Bizim potensialımıza bələddir. Düşünürəm ki, belə hər bir çətinliyin öhdəsindən gələ bilərik. Komandamız xarakter göstərir. Ümid edirəm ki, əziyyətimizin qarşılığını alacağıq.

Bahar Rüstəm