Azərbaycan FutboluMüsahibə

Hacıağa Hacılı: “Dəstəklərini stadionda göstərsinlər, telefon arxasından yox”

Bakı, 24 iyul , Tsport.az

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə “Hajduk”la 1:1 hesablı heç-heçə edən “Zirə”nin futbolçusu Hacıağa Hacılı qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bildirib.

Tsport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi rəqibin səviyyəsinə hörmətlə yanaşdığını, amma komandasının üstün futbol sərgilədiyini qeyd edib:

“Bilirdik ki, Xorvatiyanın adlı-sanlı komandasına qarşı oynayırıq. Oyun gözlədiyimiz kimi başladı. Daha çox topa sahib olmaq üçün mübarizə aparırdıq. Oyunda bəzən biz, bəzən də onlar üstün oldu. Amma qol epizodları baxımından biz daha çox üstün idik. Yararlana bilsəydik, bəlkə də böyükhesablı qələbə qazana bilərdik”.

Hacılı cavab görüşünə də iddialı yanaşdıqlarını vurğulayıb:

“İkinci oyunda daha çox çalışacağıq. Məncə, onlara düşə biləcək ən çətin rəqib bizik. Bu səbəbdən onların da bizdən çəkinməli olduğunu düşünürəm”.

O, qarşılaşmada hakim idarəçiliyi ilə bağlı da narazılığını dilə gətirib:

“Oyundakı temp çox vaxt hakimin idarəçiliyindən asılı olur. Bəzən hakimlər oyunun axarına imkan verir, hər epizoda müdaxilə etmir. Xüsusilə alman hakimlərdə bunu görürük. Amma bu oyunda bəzi epizodlarda hakimlərin rəqibə üstünlük verdiyini hiss etdik. Bu da temponu pozurdu”.

Görüşdə 1:0 hesabını qorumaq kimi niyyətlərinin olmadığını bildirən Hacılı əlavə edib:

“Hesabı qorumaq fikrimiz yox idi. Əksinə, fərqi artırmaq istəyirdik. Sadəcə bir epizodda boşluq verdik və cəzalandırıldıq”.

Komandanın hücum imkanları və Konatenin zədəsi barədə də danışan futbolçu, bu itkini ciddi sayıb:

“Əlbəttə ki, Konatenin zədələnməsini istəmirdik. Çünki heyətimiz geniş deyil, xüsusilə hücuma meyilli futbolçular baxımından. Bu zədə bizim üçün zərər oldu”.

Matçın nəticəsinə münasibət bildirən Hacılı, hesab baxımından müəyyən üstünlüyün əldə olunduğunu deyib:

“Burda 1:0 udsaq belə, orda eyni vəziyyət olacaqdı. Rəqib hücum edəcəkdi. Bir top fərqi o qədər də ciddi üstünlük deyil. Bəzən 1:1 hesabı psixoloji baxımdan daha rahat olur”.

Sonda futbolçu azarkeşlərə mesaj ünvanlayıb:

“Buradan “Zirə” azarkeşlərinə yox, sosial şəbəkədə şərh yazan azarkeşlərə demək istəyirəm ki, dəstəklərini stadionda göstərsinlər. Telefon arxasından yox”.

Transfer məsələsinə də toxunan Hacılı, “Zirə”yə keçidini qısa şəkildə belə izah edib:

“Təkliflər var idi, amma heç bir klubla danışıqlar aparılmadı. “Zirə”dən təklif gələndə düşünmədən qəbul etdim”.