Azərbaycan FutboluMüsahibə

“Hazırda əsas məqsədimiz liqada möhkəmlənməkdir “

Bakı, 4 sentyabr ,  Tsport.az 

  Misli Premyer Liqası nın III turunda “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ın qonağı olub.

Tsport.az xəbər verir ki, 2-1 hesabı ilə başa çatan matçdan sonra “Qəbələ”nin üzvü Nicat Süleymanov fikirlərini bizimlə böıüşüb: 

– Düşünürəm ki, oyuna yaxşı başladıq və indi də həmin tempdə davam edirik. İstədiyimiz qolu vurduq, amma sonradan bəzi səhvlərimiz nəticəsində qapımızda da qol gördük. Ümumilikdə yaxşı oyun göstərdik. Ən azı 1 xal qazana biləcəyimizə inanıram.

-Ümumilikdə komandanın hansı səhvləri diqqətinizi çəkdi?

– Bəzi səhvlərimiz oldu, xüsusilə ötürmələrdə. Elə mənim də fərdi səhvlərim var idi. Düşünürəm ki, bəzi təcrübəsizliklər səbəbindən qapımızda qol gördük. Amma komanda olaraq birlikdəyik və uşaqlarla birlikdə hər keçən gün daha yaxşı olmağa davam edirik. Qarşıdakı oyunlarda, inşallah, daha yaxşı nəticələr əldə edəcəyik.

– Sizcə, “Qəbələ”nin futbolçuları digər klubların oyunçularına nisbətən hansı xüsusiyyətləri ilə əsas komandada oynamağı bacarırlar?

– Məncə, komandadakı uşaqların çoxunun Premyer Liqa təcrübəsi var. Elə oynayanlar arasında mən də varam. Keçən il Divizionda davamlı oynayaraq təcrübə qazandıq. Düzdür, Divizionla Premyer Liqa arasında səviyyə fərqi böyükdür, amma çoxlu oyun keçirdiyimiz üçün bu bizə böyük üstünlük verdi. Hazırda komandada cavan oyunçular üstünlük təşkil edir və hər biri yavaş-yavaş adaptasiya olur.

– “Qarabağ”ın Çempionlar Liqasına vəsiqə qazanması ilə bağlı nə deyə bilərsiniz?

– Mən də hamı kimi “Qarabağ”ı təbrik edirəm. Azərbaycanın adını necə layiqincə təmsil etdiklərini hamımız görürük. Uğurlar arzulayıram. Ümid edirəm ki, Çempionlar Liqasında da bizi uğurla təmsil edəcəklər.

– Komandanın bu mövsüm üçün hədəfləri nələrdir? Avrokuboklara getmək planınız varmı?

– Avropaya getmək barədə konkret nəsə deyə bilmərəm. Hazırda əsas məqsədimiz liqada möhkəmlənməkdir.

– Son olaraq azarkeşlərə nə demək istərdiniz?

– Azarkeşlərimizə təşəkkür edirəm. Az da olsalar, çox da – fərq etməz, daim bizi dəstəkləyirlər. İnşallah, mövsümün sonuna qədər dəstəklərini davam etdirərlər.

Bahar Rüstəm