“Hesabda daha üstün ola bilərdik”
Bakı, 1 oktyabr, Tsport.az
Bu sözləri kişilərdən ibarət Azərbaycan U-17 milli voleybol komandasının üzvü Abbasov İsmayıl III MDB Oyunlarında Qırğızıstanla keçirilən matçdan sonra deyib.
Tsport.az xəbər verir ki, 3-0 qələbə qazandığımız matçdan sonra baş məşqçi oyunla bağlı fikirlərini bizimlə bölüşüb:
– Bugünkü oyunu necə dəyərləndirirsiniz?
– Çox yaxşı oyun keçdi, amma səhvlərimiz çox oldu. Xüsusilə də servislərdə çox xal verdik. İkinci hissədə, səhv etmirəmsə, 8 dəfə servis səhvi etdik. Əgər səhvlərimiz daha az olsaydı, hesabda daha üstün ola bilərdik. Üçüncü setdə isə səhvlər bir qədər artdı, ona görə də hesab uzandı. Amma inanıram ki, gələcək oyunlarda daha rahat qalib gələcəyik.
– Daha təcrübəli komandalara qarşı oynamaq sizdə təzyiq yaradırdımı?
– Xeyr, biz sadəcə təcrübə toplayırdıq. Azərbaycan Super Liqasında da oynamışıq. Bundan əlavə, iki səfərimiz olub – həm Gürcüstanda, həm də Belarusiyada. Belarusiyada uduzmağımıza baxmayaraq, təcrübə qazandıq. Gürcüstanda isə bütün oyunları udduq. Bu da bizim üçün həm motivasiya, həm də təcrübə oldu. Oyunların əvvəlində uşaqlarda bir az həyəcan olurdu, amma oyunun gedişində o həyəcan qalmazdı, daha rahat oynayırdılar.
– Baş məşqçiniz qeyd etdi ki, siz cəmi 14 aydır voleybolla məşğulsunuz və bu, ilk beynəlxalq turnirinizdir. Təəssüratlarınız necədir?
– Bəli, bu bizim ilk beynəlxalq yarışımızdır. Şükürlər olsun ki, qələbə ilə başladıq. Əvvəlcədən müəyyən qədər təcrübəmiz var idi, bu da bizə rahatlıq verdi. İnanıram ki, noyabrda keçiriləcək YEVZA turnirində daha təcrübəli çıxış edəcəyik.
Bahar Rüstəm