Heung-min Son, 10 ildən sonra ayrılıq qərarını açıqladı!
Bakı, 2 avqust , Tsport.az
“Tottenham” klubunun kapitanı Heung-min Son bu yay komandadan ayrılacağını rəsmən açıqlayıb. Ulduz futbolçunun “Amerika MLS”ə transferi isə artıq an məsələsidir.
Tsport.az xəbər verir ki, “Tottenham”, bazar günü Sonun vətəni olan Cənubi Koreyada “Newcastle” ilə yoldaşlıq oyunu keçirəcək. Bu çərçivədə mətbuat qarşısına çıxan Heung-min Son mətbuat konfransının əvvəlində bu yay klubdan ayrılmaq istədiyini bildirib.
2015-ci ildə “Bayer Leverkusen”dən “Tottenham”a transfer olunan Son, klub tarixinə adını yazdırmışdı. “Manchester United”ə qarşı qazanılan Avropa Liqası finalındakı 1:0 hesablı qələbə ilə kluba 17 ildən sonra ilk kubokunu qazandırmışdı. Lakin son illərdə yaşadığı zədələr və qeyri-sabit forması səbəbindən forma şansı azalıb və artıq əsas heyətdəki yeri zəmanətli deyil.
Son qarşıdan gələn Dünya Çempionatı öncəsi daha mütəmadi olaraq forma geyinə biləcəyi və ona yeni bir meydan oxuma təqdim edəcək komandaya keçmək istədiyini bildirib.
Mətbuat konfransında danışan Son deyib:
“Başlamazdan əvvəl sizinlə bu yay klubdan ayrılmaq qərarı verdiyimi bölüşmək istəyirəm. Bu qərarı verərkən klubum da mənə hörmətlə dəstək oldu. Bu, karyeramda verdiyim ən çətin qərar idi.”
“Tottenham”da edə biləcəyim hər şeyi etdim. Artıq özümü sınağa çəkə biləcəyim yeni bir mühitə ehtiyacım olduğunu hiss edirəm. Burada 10 il keçirdim. Mükəmməl bir klub, möhtəşəm azarkeşlər… Gözəl xatirələr topladım. Amma artıq bir qədər dəyişiklik vaxtıdır. 10 il – həqiqətən uzun müddətdir. Şimallı Londona ilk gəldiyimdə hələ 23 yaşlı, ingiliscə bilməyən bir uşaq idim. İndi isə buradan bir kişi kimi ayrılıram.”
“Məni sevgi ilə qarşılayan bütün “Spurs” azarkeşlərinə təşəkkür edirəm. Bura mənim evim kimi idi. Bu, həyatımda verdiyim ən çətin qərarlardan biridir. Amma düşünürəm ki, ayrılmaq üçün doğru zamandır. Ümid edirəm ki, hər kəs bu qərarı anlayar və hörmətlə qarşılayar.”
Sonun gələcəyi ilə bağlı yayılan söz-söhbətlər yeni deyil. Ötən yay onun müqaviləni uzatmayacağı gözlənilirdi və xüsusilə Avropa Liqası zəfərindən sonra 2025-ci ildə ayrılması artıq ehtimal edilirdi. Sonun “MLS”ə keçidi gündəmdədir və “LAFC” tərəfindən rəsmi təklifin verildiyi bildirilir. “The Athletic”in xəbərinə görə isə Son bu təklifi müsbət qarşılayır və reallaşmasını istəyir. Gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatının bu qərarı daha məntiqli etdiyi vurğulanır. Çünki bu turnir çox güman ki, Sonun Cənubi Koreya millisində çıxış edəcəyi son Dünya Çempionatı olacaq.
Aytac Mustafayeva