Azərbaycan Futbolu

II Liqada növbəti oyun təxirə salınıb

Bakı, 1 mart, Tsport.az

Bu gün II Liqanın XIV turunda keçirilməsi planlaşdırılan “Ağdaş” – “Şimal” qarşılaşması baş tutmayıb.

Tsport.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, oyunun təxirə salınmasına meydan sahibi komandanın qarla örtülmüş ot örtüyünü təmizləmək üçün heç bir addım atmaması səbəb olub.

Matçın başlaması üçün bütün rəsmi şəxslər, o cümlədən qonaq komanda, hakimlər və AFFA nümayəndəsi 14:00-da stadionda olsalar da, meydan oynamağa yararlı vəziyyətə gətirilməyib. PFL-in tövsiyələri və verilən 90 dəqiqəlik əlavə vaxta baxmayaraq, meydan sahibləri heç bir tədbir görməyib.

Oyunla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək. Qeyd edək ki, ötən gün də “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması eyni səbəbdən baş tutmayıb.