Joni Montiel – “Qarabağ”ın yeni transferi
Bakı, 3 avqust, Tsport.az
“Qarabağ” futbol klubu yay transfer pəncərəsi çərçivəsində klub “Rayo Valyekano“dan Joni Montielini tranfer edib.
Tsport.az xəbər verir ki, ispan futbolçunun gəlişi ilə “köhlən atlar”ın hücum xəttinə fərqlilik gəlir.Yaradıcılıq qabiliyyəti, oyun zəkası və texniki bacarığı ilə tanınan Montielin komandaya nə verəcəyi artıq indidən azarkeşlər arasında maraq doğurub.
Madrid doğumlu Joni Montiel, futbol həyatına İspaniyanın məşhur “Rayo Vallecano” klubunda başlayıb. Cəmi 17 yaşında La Liga debütü edərək, gənc yaşda öz potensialını ortaya qoyub. Sonrakı illərdə “Levante”, “Oviedo” və “Deportivo” kimi klublarda da forma geyinib və bu komandaların heyətində daim önə çıxmağı bacarıb.
Xüsusilə 2022/23 mövsümündə “Levante” ilə keçirdiyi parlaq performans – 15 qol və 13 assist – onun hücum xəttində nə qədər effektiv olduğunu sübut edir.
Montiel əsasən hücumameylli yarımmüdafiəçi (playmaker) kimi çıxış edir. Topla rəftarı, baxış bucağı, sürətli qərarvermə qabiliyyəti və uzaq məsafədən vurduğu zərbələrlə tanınır. “Qarabağ”ın oyun üslubuna uyğun bir futbolçu olan Montiel, komandanın qapanan rəqiblərə qarşı oyunlarında açar rol oynaya bilər. Qurban Qurbanovun rəhbərliyi altında daha da inkişaf edəcəyi gözlənilir.
“Qarabağ” uzun illərdir Avropa arenasında stabil çıxış etsə də, bəzən oyunları fərdi ustalıqla açacaq futbolçu çatışmazlığı hiss olunurdu. Joni Montiel bu boşluğu doldura biləcək səviyyədədir. Onun texnikası və hücum quruculuğu komandaya yeni dinamika verə bilər.
Montiel, Juninyo və ya Richard Almeyda tipli yarımmüdafiəçilərlə müqayisə olunsa da, onun oyun tərzi özünəməxsusdur.
Texnikalı, sürətli düşünən və “xalqa oynayan” futbolçuları sevən azarkeşlər üçün Joni Montiel ideal seçimdir. O, həm yerli çempionatda, həm də Avropa oyunlarında “Qarabağ”a fərq qatmağa qadirdir. Əgər komandaya tez uyğunlaşarsa, azarkeşlər bu transferi uzun illər xatırlayacaq.
Bahar Rüstəm