Kady Borges: “Mən Konfrans Liqasında oynamaq istəmirəm”
Bakı, 31 iyul, Tsport.az
UEFA Çempionlar Liqasında “Qarabağ” doğma meydanda İrlandiya təmsilçisi “Şeburn“u 1-0 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Tsport.az xəbər verir ki, oyundan sonra təmsilçimizin üzvü Kady Borges fikirləribi bizimlə bölüşüb:
“Bu gün də çox çətin oyun oldu. Bir həftə əvvəl oynadığımız ilk qarşılaşma da asan keçməmişdi. Amma əsas odur ki, məqsədimizə çatdıq və növbəti mərhələyə vəsiqə qazandıq. Mövsümə uğurlu başladıq
Penaltini qaçırmasına da toxunan Borges bildirib ki: “Bəli, penaltini mən yerinə yetirdim. Baş məşqçi bunu mənə tapşırmışdı. Təəssüf ki, vura bilmədim.”
Bugünkü oyunda fərqli mövqedə çıxış edən futbolçu bunun çətin olmadığını qeyd edib:
“Bu gün dayaq yarımmüdafiəçisi kimi oynadım. Amma bu mənim üçün çətin deyildi. Düzdür, bəlkə də üzərimə çox iş düşmürdü, lakin daha çox müdafiə yönümlü düşünməli idim. Məncə, pis alınmadı və çətinlik çəkmədim.”
Azarkeşlərin gözləntiləri ilə bağlı isə o belə deyib:
“Azarkeşlərlə futbolçular fərqli düşünür. Bir həftə əvvəl 3 qol vurduq, azarkeşlər düşünür ki, bu gün də eyni olacaq. Amma oyundan oyuna fərqlər böyükdür, hətta eyni rəqibə qarşı oynasaq belə. Jurnalistlər və azarkeşlər üçün intriqa maraqlı ola bilər, amma bizim üçün belə olmamalıdır.”
Avropa turnirləri ilə bağlı fikrini açıq şəkildə ifadə edən Borges bildirib:
“Mən Konfrans Liqasında oynamaq istəmirəm. Mən özümü, komanda yoldaşlarımı və klubumu düşünürəm. Bizim üçün fərqi yoxdur kimə qarşı oynayırıq.”
Gələcəyi ilə bağlı sualı isə bu cür cavablandırıb:
“Bilmirəm, dəqiq nəsə deyə bilmərəm. Amma ‘Qarabağ’da planlarım uzunmüddətlidir. Futbolda hər şey mümkündür, heç nəyin zəmanəti yoxdur.”
Bahar Rüstəm