Keçmiş “Twente” futbolçusu Ronnie Stam narkotik ittihamı ilə həbs olunub
Bakı, 12 avqust, Tsport.az
2010-cu ildə “Twente” klubu ilə Niderland çempionu adını qazanan keçmiş müdafiəçi Ronnie Stam narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması ittihamı ilə məhkəmə qarşısına çıxıb.
Tsport.az xəbər verir ki, Breda məhkəməsinin bu gün verdiyi qərara əsasən, 41 yaşlı Stam 7 il müddətinə azadlıqdan məhrum edilib.
“NU”nun yaydığı məlumata görə, o, 700 kiloqram kokain qaçaqmalçılığı ilə əlaqələndirilib. Prokurorluq 13 il həbs cəzası tələb etsə də, məhkəmə bütün ittihamların tam sübut olunmamasını nəzərə alaraq daha yüngül hökm çıxarıb.
Ronnie Stamın qardaşı da eyni iş üzrə 3 il yarım həbs cəzası alıb. Araşdırmalara görə, qardaşlar 2020 və 2021-ci illərdə narkotik qaçaqmalçılığı ilə məşğul olublar. Onlar 2024-cü il iyunun 10-da saxlanılıblar.
Qeyd edək ki, Ronnie Stam futbolçu karyerası ərzində “NAC Breda” və “Twente” (Niderland), “Wigan Athletic” (İngiltərə) və “Standard” (Belçika) klublarının formasını geyinib.