Dünya Futbolu

Kerem Aktürkoğlu, dünya zirvəsinə çıxdı!

Bakı, 17 aprel, Tsport.az

Türkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu dünyada zirvəyə yüksəldi!


Tsport.az
 xəbər verir ki , futbolçuların hüquqlarını müdafiə edən Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPRO) rəsmi “X” (keçmiş Twitter) hesabında paylaşdığı məlumata görə, 2025 FIFA Klublararası Dünya Çempionatında iştirak edəcək komandaların oyunçuları arasında ən çox oyun keçirən futbolçu Kerem Aktürkoğlu olub.

Türkiyə millisinin üzvü oynadığı oyunların 75%-də ardıcıl olaraq meydana çıxıb və ümumilikdə 55 matçda forma geyinərək “Real Madrid”in təcrübəli xorvat ulduzu Luka Modrić və “Barcelona”nın fransalı futbolçusu Jules Kounde kimi adları geridə qoyub.

Ötən ilin sentyabr ayında “Galatasaray”dan 12 milyon avro qarşılığında Portuqaliyanın “Benfica” klubuna transfer olunan 26 yaşlı cinah oyunçusu bu mövsüm 16 qol və 14 assistlə yadda qalıb.

54 matçda oynayan Modrić Keremdən sonra ikinci sırada qərarlaşıb. Onun komanda yoldaşı Federico Valverde isə 53 oyunla beşinci yerdədir.

Danimarka millisinin və “Celtic”klubunun qapıçısı Kasper Schmeichel isə 54 matçla siyahıda üçüncü pillədə yer alıb.

53 matçda forma geyinən digər futbolçular arasında Belçikanın “Club Brugge”komandasından Christos Tzolis dördüncü, “Benfica”dan Vangelis Pavlidis altıncı, “Barcelona”dan Jules Kounde yeddinci, “Atletico Madrid”in argentinalı ulduzu Julian Alvarez isə səkkizinci sırada qərarlaşıb.

Aytac Mustafayeva