Dünya Futbolu

Kevin De Bruyne ayrılığını rəsmi şəkildə açıqladı!

Bakı, 4 aprel, Tsport.az

Tsport.az xəbər verir ki,İngiltərə təmsilçisi “Manchester City”nin belçikalı futbolçusu Kevin De Bruyne, mövsümün sonunda komandadan ayrılacağını açıqladı.

33 yaşlı yarımmüdafiəçinin sosial mediada paylaşdığı mesaj belə olub:

“Əziz Manchester,

Bunu görəndə yəqin ki, məsələnin hara yönəldiyini anlamısınız. Ona görə də birbaşa mövzuya keçəcəyəm və hamınıza bildirəcəyəm ki, bu aylar “Manchester City”oyunçusu kimi son aylarımdır.

Bunu yazmaq asan deyil, amma biz futbolçular bu günün bir gün gələcəyini bilirik. Və o gün gəldi. Bunu ilk məndən eşitməyə layiqsiniz. Futbol məni sizə və bu şəhərə gətirdi. Xəyallarımın ardınca qaçarkən, bu dövrün həyatımı dəyişəcəyini bilmirdim. Bu şəhər. Bu klub. Bu insanlar mənə HƏR ŞEYİ verdi. Mənim də hər şeyi geri qaytarmaqdan başqa seçimim yox idi! Və bilin, biz nələr qazandıq?

Bəyənsək də, bəyənməsək də, vidalaşmaq vaxtı gəldi. Suri, Rome, Mason, Michele və mən, bu şəhərin ailəmiz üçün nə ifadə etdiyinə görə minnətdarıq. “Manchester” sonsuza qədər övladlarımızın pasportlarında və ən əsası, hər birimizin qəlbində yer alacaq. Bura həmişə bizim EVİMİZ olacaq.

Bu 10 illik səyahət üçün şəhərə, kluba, heyətə, komanda yoldaşlarıma, dostlarıma və ailəmizə nə qədər təşəkkür etsək, azdır. Hər hekayənin bir sonu var, amma bu, şübhəsiz ki, ən gözəl bölüm idi. Gəlin, bu son anların dadını birlikdə çıxaraq!”

Karyerasına “Genk”də başlayan 33 yaşlı De Bruyne, “Chelsea”, “Werder Bremen “və “Wolfsburg”da oynadıqdan sonra 2015-ci ildə “Manchester City”yə transfer olub.

Təcrübəli yarımmüdafiəçi “Manchester City” ilə 6-sı Premyer Liqa, biri isə UEFA Çempionlar Liqası olmaqla, ümumilikdə 16 kubok qazanıb.

Mövsümün sonunda müqaviləsi başa çatacaq De Bruyne, “Manchester City”də keçirdiyi 10 il ərzində 413 oyuna çıxıb, 106 qol vurub və 174 məhsuldar ötürmə edib.

Aytac Mustafayeva