Kipr mətbuatı: “Araz Naxçıvan” təhlükəli və diqqətəlayiq rəqibdir
Bakı, 5 avqust, Tsport.az
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq “Araz Naxçıvan” barədə yerli mətbuatda diqqətçəkən yazı dərc olunub.
Tsport.az xəbər verir ki, Kathimerini.com.cy saytında yayımlanan məqalədə Azərbaycan təmsilçisinin ciddi rəqib olduğu vurğulanır.
“Omoniya”nın prioriteti tam olaraq bəllidir: əvvəlcə “Araz”, sonra növbəti mərhələ. Komanda bütün diqqətini bu duellərə yönəldib və yalnız maksimum ciddiyyətlə pley-offa yüksəlməyin mümkün olduğunu anlayır.
Məqalədə qeyd olunur ki, “Araz Naxçıvan” təsadüfi komanda deyil. “Aris” üzərindəki qələbə onların təhlükəli və diqqətəlayiq rəqib olduğunu sübut edib. “Omoniya” favorit statusunu meydanda təsdiqləməlidir.
Baş məşqçi Henning Berqin rəhbərliyi altında komanda müdafiədə kompakt, hücumda isə məhsuldar oyun sərgiləyir. Yeni transferlər hələ reallaşmasa da, sürətli əks-hücumlar və cinahların effektivliyi komandanın güclü tərəfləri kimi göstərilir.
Qeyd edək ki, “Araz Naxçıvan”la “Omoniya” arasında ilk oyun avqustun 7-də Bakıda, cavab qarşılaşması isə avqustun 14-də Kiprdə keçiriləcək.