“Komanda olaraq öz sözümüzü deyə bildik”
Bakı, 7 oktyabr, Tsport.az
III MDB Oyunlarında qılıncoynatma yarışında ölkəmizi təmsil edən Məmmədov Mirxətai çıxışını dəyərləndirib.
Tsport.az xəbər verir ki, finalda rusiyalı rəqibinə 35:45 hesabı ilə məğlub olan idmançımız yarışla bağlı təəssüratlarını bölüşüb:
– Yarış bizim üçün maraqlı keçdi. Həddindən artıq çətinliklər olsa da, onların öhdəsindən gəldik. Finalda məğlub olduq, amma inanıram ki, yığma komandamız gələcəkdə daha yaxşı nəticələr göstərəcək və istər-istəməz lazımi rəqibləri məğlub edəcək.
– Komandanın çıxışını necə dəyərləndirirsiniz?
– Taktiki cəhətdən güclü idik. Texniki baxımdan müəyyən çatışmazlıqlarımız olsa da, uşaqlarla birlikdə çalışdıq, əlimizdən gələni etdik. Yarış ümumilikdə yaxşı keçdi. Həqiqətən, uşaqlara “halaldır” demək lazımdır – hamısının böyük əziyyəti var idi. Komanda olaraq öz sözümüzü deyə bildik.
– Növbəti məqsədiniz nədir?
– Növbəti hədəfim yalnız yüksək yerlərdir.
Bahar Rüstəm