“Konyaspor” – “Başakşehir” matçı öncəsi son vəziyyət
Bakı, 27 sentyabr, Tsport.az
Süper Liqanın 6-cı turunda bu gün “Konyaspor” öz meydanında “RAMS Başakşehir”i qəbul edəcək.
Tsport.az xəbər verir ki, qarşılaşma Konya şəhərindəki MEDAŞ Konya Büyükşehir Stadionunda oynanacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Görüşü hakim Oğuzhan Çakır idarə edəcək.
Beş oyuna bir qələbə, bir məğlubiyyət və üç heç-heçə sığdıran Başakşehir 6 xalla 11-ci pillədə qərarlaşıb və bir oyunu hələ ehtiyatdadır. Eyni müddətdə iki qələbə, iki məğlubiyyət və bir bərabərlik yaşayan Konyaspor isə 7 xalla 10-cu sıradadır.
İstanbul təmsilçisində Leo Duarte və Davie Selke zədələrinə görə matçda forma geyinməyəcək.
Baş məşqçi Nuri Şahinin rəhbərliyi altında iki oyuna çıxan “Başakşehir” bu qarşılaşmalardan 4 xal toplayıb: əvvəlcə səfərdə “Fatih Karagümrük”ü 2:0 hesabı ilə məğlub edib, daha sonra evdə “Alanyaspor”la 1:1 hesablı heç-heçə oynayıb.