Kylian Mbappéyə qarşı araşdırma başladıldı
Bakı, 17 iyul, Tsport.az
“Real Madrid”in və Fransa millisinin ulduz hücumçusu Kylian Mbappé, polis əməkdaşlarına külli miqdarda pul köçürməsi ilə bağlı inzibati araşdırmaya cəlb olunub. Məlumatı Fransanın nüfuzlu mənbələrindən RMC Sport yayıb.
Tsport.az xəbər verir ki, 2023-cü ilin iyun ayında Mbappénin bank hesabından Respublika Təhlükəsizlik Qüvvələrinin (CRS) 5 üzvünün hesablarına ümumilikdə 180.300 avro məbləğində pul köçürülüb. Dörd əməkdaşa ayrı-ayrılıqda 30.000 avro, mühafizəçilər qrupunun komandirinə isə 60.300 avro ödəniş edildiyi bildirilir.
Araşdırmanın mərkəzində ən böyük məbləği alan komandirin rolu dayanır. Bildirilir ki, o, Mbappénin Kamerun və Vaucluse bölgəsinə etdiyi şəxsi səfərlərdə mandat xaricində iştirak edib. Bu da Fransa Milli Polisinin (IGPN) Baş Müfəttişliyində etik pozuntu ehtimallarını gündəmə gətirib.
İddialara görə, bu ödənişlər “özəl mühafizə xidməti” kimi qeyri-rəsmi razılaşma çərçivəsində həyata keçirilə bilər. Mbappé isə bu məsələ ilə bağlı bütün suallara cavab verməyə hazır olduğunu bildirib.