FutzalMüsahibə

“Lənkəran” futzal klubu: “Hədəfimiz Yüksək Liqada uyğunlaşmaq və sabit komanda olmaqdır”

Bakı, 22 avqust  , Tsport.az

Yeni mövsümdən etibarən futzal üzrə Azərbaycan Yüksək Liqasında “Lənkəran” klubu debüt edəcək

Tsport.az xəbər verir ki, Klub saytımıza verdiyi açıqlamada həm komandanın əvvəlki uğurlarından, həm də qarşıdakı mövsüm üçün planlarından söz açıb.

– Yeni mövsümdə Futzal Yüksək Liqasında çıxış edəcək komandalar arasında sizin də adınız var. Bu barədə fikirləriniz?

– Komandamız artıq 5 ildir ki, fəaliyyət göstərir və yaranışından bəri müxtəlif turnirlərdə iştirak edib. Bu müddət ərzində ardıcıl olaraq Azərbaycan Futzal Federasiyasının keçirdiyi İkinci və Birinci Liqalarda çıxış etmişik.

Debütümüz 2021/22 mövsümündə oldu və İkinci Liqanı 9-cu yerdə başa vurduq. Sonrakı mövsümdə isə 4-cü pilləni tutaraq pley-offa yüksəldik. Orada “Baku Fire 3” üzərində qələbə qazanaraq finala çıxdıq, lakin həlledici görüşdə uduzduq və nəticədə 2-ci yeri tutduq.

2023/24 mövsümündə Birinci Liqada debüt etdik və ilk mövsümümüzdə 5-ci olduq. Son mövsümdə isə 4-cü yeri qazandıq və yenidən pley-offa vəsiqə qazandıq, amma bu dəfə uğurlu çıxış göstərə bilmədik.

İndi isə bizim üçün tam yeni bir səhifə açılır – Yüksək Liqada debüt edirik. Bu həm məsuliyyət, həm də böyük həyəcan deməkdir.

– Komanda I Liqada “Xan Lənkəran-2” adı ilə çıxış etsə də, əsas liqada “Lənkəran” adından istifadə edir. Bu fərqliliyin səbəbi nədir?

– Bu mövsümdən etibarən komandamız iki cəbhədə mübarizə aparacaq. Birinci Liqada “Xan Lənkəran” olaraq yolumuza davam edəcəyik. Yüksək Liqada isə “Lənkəran” adı ilə debüt edəcəyik.

Bu fərqin səbəbi sadədir: biz eyni adlı bölgəni təmsil edirik və Yüksək Liqada yeni adla çıxış etmək həm coğrafi kimliyimizi önə çıxarır, həm də bizim üçün yeni bir başlanğıcın simvolu olur.

– Komandanın yeni mövsüm üçün hədəfləri nələrdir?

– Adətən uğur dedikdə hər kəsin ağlına qızıl medallar və kubok gəlir. Amma bizim üçün Yüksək Liqada ilk mövsümdə bu hədəfləri qarşımıza qoymaq tezdir.

Əsas məqsədimiz çempionatın səviyyəsinə uyğunlaşmaq, öz oyun üslubumuzu meydanda göstərmək və milli komandaya fayda verə biləcək futzalçılar yetişdirməkdir. Biz istəyirik ki, “Lənkəran” Yüksək Liqanın daimi iştirakçılarından birinə çevrilsin.

Birinci Liqadakı komanda üçün isə məqsəd fərqlidir: burada gənc futzalçılara oyun təcrübəsi qazandırmaq, onların inkişafına şərait yaratmaq və gələcəkdə perspektivli oyunçuları əsas komandamıza cəlb etməkdir.