“Lankaran Open” turniri başa çatdı
Bakı, 13 iyul , Tsport.az
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən “Chess Tour Azerbaijan” layihəsinin növbəti mərhələsi olan “Lankaran Open” şahmat festivalı yekunlaşıb.
Tsport.az xəbər verir ki, bağlanış mərasimində Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının müavini Emin Quliyev və Azərbaycan Şahmat Federasiyasının prezidenti, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirak edib.
Nəticələr:
- A qrupunda 9 turda 7 xal toplayan Xaqan Əhməd turnirin qalibi olub. Vitaliy Bernardskiy və Rüstəm Rüstəmov hərəyə 6,5 xal toplayaraq 2-3-cü yerləri bölüşüblər.
- B qrupunda Əlisəfa Zeynallı 8 xalla birinci yeri tutub. Ələkbər Zeynallı ikinci, Pərviz Məmmədli isə üçüncü pillədə qərarlaşıb.
- Festival çərçivəsində keçirilən rapid yarışında Rüstəm Rüstəmov, blits turnirində isə Xaqan Əhməd qalib gəlib.
Turnirdə 4 ölkədən şahmatçılar iştirak edib. A qrupunda 38, B qrupunda isə 140 şahmatçı mübarizə aparıb.
Növbəti yarış “Chess Tour Azerbaijan” çərçivəsində Quba şəhərində keçiriləcək.