Dünya Futbolu

Luka Modrić karyerasını “Milan”-da davam etdirəcək

Bakı, 10 iyul, Tsport.az

Təcrübəli xorvatiyalı yarımmüdafiəçi Luka Modrić karyerasını “Milan” klubunda davam etdirəcək.

Tsport.az xəbər verir ki, məlumat tanınmış transfer insayderi Fabrizio Romano tərəfindən sosial media hesabında paylaşılıb.

39 yaşlı futbolçu “Real Madrid” ilə müqaviləsinin başa çatmasının ardından azad agent kimi İtaliya nəhəngi ilə razılığa gəlib. Modrić “kral klubu” ilə vidalaşdığı son qarşılaşmanı klublararası dünya çempionatının yarımfinal mərhələsində “Paris Saint-Germain”ə qarşı keçirib. Görüşdə 64-cü dəqiqədə meydana daxil olan futbolçunun komandası 0:4 hesabı ilə məğlubiyyət alıb.

2012-ci ildən etibarən “Real Madrid” formasını geyinən Modrić klubla bir sıra böyük uğurlara imza atıb. O, bu müddətdə:

  • 4 dəfə La Liga çempionu (2016/17, 2019/20, 2021/22, 2023/24),
  • 6 dəfə UEFA Çempionlar Liqasının qalibi (2013/14, 2015/16, 2016/17, 2017/18, 2021/22, 2023/24),
  • 2 dəfə İspaniya Kubokunun qalibi (2013/14, 2022/23),
  • 5 dəfə İspaniya Superkubokunun qalibi (2012, 2017, 2019/20, 2021/22, 2023/24) olub.