Luka Modricin yeni komandası bəlli oldu!
Bakı, 8 iyul , Tsport.az
İtaliyanın “Milan” klubunun yeni baş məşqçisi Massimiliano Alleqri, Luka Modricin avqust ayında komandaya qoşulacağını açıqlayıb.
Tsport.az xəbər verir ki , mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Alleqri, 39 yaşlı xorvatiyalı yarımmüdafiəçinin gələn ay heyətə qatılacağını bildirərək, Modric üçün “qeyri-adi bir futbolçu” ifadəsini işlədib.
“Üçlü sistemlə oynayacağıq”
57 yaşlı təcrübəli çalışdırıcı, zəngin yarımmüdafiə heyətinə sahib olduqlarını vurğulayaraq deyib:
“Modriclə yanaşı Samuele Ricci, Ruben Loftus-Cheek, Youssouf Fofana, Warren Bondo və Yunus Musah kimi adlar da yarımmüdafiədə olacaq. Onlar möhtəşəm oyunçulardır. Üçlü sistemlə oynayacağıq və seçimlərim fərdi xüsusiyyətlərinə görə olacaq.”
Qeyd edək ki,2012-ci ildə İngiltərənin “Tottenham” klubundan “Real Madrid”ə transfer olunan xorvatiyalı ulduz, İspaniya təmsilçisi ilə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku və 4 La Liqa çempionluğu qazanıb.
Modrić “Real Madrid”də keçirdiyi müddət ərzində 2018-ci il Ballon d’Or (Qızıl top) və FIFA tərəfindən ilin ən yaxşı kişi futbolçusu mükafatına layiq görülüb.
Xorvatiyalı futbolçu, “Real Madrid” forması ilə ümumilikdə 596 oyunda meydana çıxaraq 43 qola imza atıb.
Aytac Mustafayeva