Azərbaycan FutboluMüsahibə

“Məğlubiyyətlə barışmaq olmaz” – Hüseynəli Quliyev

Bakı, 14 may, Tsport.az

Misli Premyer Liqasının XXXIV turunda “Səbail” öz meydanında “Zirə“ni qəbul edib. Qarşılaşma 0:1 hesabı ilə başa çatıb.

Tsport.az xəbər verir ki, 34 tur ərzində cəmi 22 xal toplayan “Səbail” bu məğlubiyyətlə liqadan düşməsini rəsmiləşdirib.

Komandanın üzvü Hüseynəli Quliyev mövsüm ərzindəki uğursuz çıxışları belə dəyərləndirib: “Premyer Liqanı tərk etməyimiz hər birimiz üçün böyük üzüntüdür. Heç bir futbolçu komandasının aşağı liqaya düşməsini istəməz. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Artıq olan olub, önümüzə baxmalı və gələcəyə ümidlə yanaşmalıyıq”.

Qolkiper liqadan düşmənin təsiri barədə bildirib: “Bu nəticə həm bizə, həm də komandaya mənfi təsir etdi. Liqanı tərk etmək futbolda baş verə biləcək ən ağır nəticələrdəndir. Lakin məğlubiyyətlə barışmaq olmaz. Əsas hədəf yenidən Premyer Liqaya qayıtmaq olacaq”.

25 yaşlı qapıçı qarşıdakı oyunlara da həmişəki kimi yanaşacaqlarını vurğulayıb: “Hər bir futbolçu peşəkardır. Qarşıda iki oyunumuz var və hər zamankı kimi mübarizə aparacaq, qələbə üçün meydana çıxacağıq”.

Quliyev karyerası ilə bağlı qərarını rəhbərliklə görüşdən sonra verəcəyini bildirib. Məşqçi dəyişikliyi ilə bağlı məsələlərin isə rəhbərliyə aid olduğunu deyib.

Liqaya düşmənin səbəbləri barədə isə bunları söyləyib: “Bir komanda liqanı tərk edirsə, bunu bir neçə nəfərlə əlaqələndirmək düzgün deyil. Qələbədə necə birlikdə seviniriksə, uğursuzluqda da birlikdə məsuliyyət daşıyırıq”.

O, mövsümün ümumi nəticələrini belə dəyərləndirib: “Bu mövsüm uğursuz oldu. Səhvlərimiz var idi, amma kimisə günahlandırmaq düzgün deyil. Hər birimiz məsuliyyətimizi anlayırıq və gələcəkdə daha yaxşı nəticələr üçün çalışacağıq”.

Bahar Rüstəm