Azərbaycan FutboluMüsahibə

“Məncə, hər iki oyunçuya sarı kart göstərilməli idi”

Bakı, 4 sentyabr ,  Tsport.az 

  Misli Premyer Liqası nın III turunda   “Turan Tovuz“ səfərdə “Neftçi”nin qonağı olub.

Tsport.az xəbər verir ki, 0-1 hesabı ilə başa çatan matçdan sonra “Neftçi”nin üzvü Elvin Bədəlov  fikirlərini bizimlə böıüşüb:

– Gözlənilməz bir qol buraxdıq. Təbii ki, həmin qol bizi üzdü, amma yenə də oyundan qopmadıq, çalışdıq ki, hər tərəfdən nəsə edək. Təəssüf ki, qol vura bilmədik, azarkeşləri sevindirə bilmədik. İkinci hissədə isə qırmızı kartla üzləşdik.

*– Qırmızı kart epizodu haqqında nə düşünürsünüz?*  

– Düzdür, təmas var idi, amma o qədər də ciddi deyildi. Məncə, hər iki oyunçuya sarı kart göstərilməli idi.

*– 3 oyundan cəmi 2 xal və 1 qol. Bu barədə nə deyə bilərsiniz?*  

– Son oyunu əvvəlkilərlə müqayisə etsək, irəliləyiş var. Düşünürəm ki, qələbə üçün vaxt lazımdır. Belə davam etsək, daha yaxşı nəticələr əldə edə bilərik. Amma nəticə də vacibdir – həm oyun, həm nəticə bir yerdə olmalıdır. Çətindir, amma çalışacağıq ki, bacaraq. Əsas odur ki, biz inkişafı görürük.

*– Sizcə, fasilə “Neftçi”nin xeyrinə olacaq?*  

– Yəqin ki, siz də izləyirsiniz və analiz edirsiniz. Belə oyunlarda qapımızda ciddi təhlükə olmadan qol buraxmaq doğrudan da qəribədir. Bu, adamı məyus edir. İkinci yarının sonlarında rəqib bir qədər irəli çıxdı və bu da normaldır. Amma müdafiədə diqqətsiz olmaq və momentsiz uduzmaq məyusedicidir.

*– Milli komandanın heyəti açıqlandı və siz də dəvət almısınız. Təəssüratlarınız və gözləntiləriniz nələrdir?*  

– Əlbəttə, çox şadam. Millidə olmaq mənim üçün qürurvericidir. Əlimizdən gələni edəcəyik ki, xalqımızı sevindirək. Millidə uzun müddətdir yaxşı nəticələr yoxdur, amma son oyun bizə və azarkeşlərə bir az ümid verdi – “Qazaxıstan”la oyunu nəzərdə tuturam. “İslandiya” ilə səfər matçına daha yaxşı başlasaq, nəticə bizim xeyrimizə ola bilər.

Bahar Rüstəm