“Məncə,hələ eyforiyaya qapılmaq lazım deyil”
Bakı, 24 avqust, Tsport.az
Misli Premyer Liqasının II turunda “Qarabağ” doğma meydanda “Sumqayıt“ı qəbul edib.
Tsport.az xəbər verir ki, 0-1 hesabı ilə başa çatan matçdan sonra “Sumqayıt”ın üzvü Mehti Cənnətov fikirlərini bizimlə bölüşüb:
– Bizim üçün ağır oyun oldu. Hamımız Qarabağın gücünü bilirik. Onların yaxın günlərdə oyunları olduğu üçün bəlkə də bir qədər yorğun idilər. Amma biz hər şeydən öncə yaxşı hazırlaşdıq və oyuna tam gücümüzlə yanaşdıq. Son dəqiqələr çox gərgin keçdi.
– Oyunun sonuna qədər dözəcəyinizə əmin idinizmi?
– Əlbəttə. Bütün uşaqlar mübarizə apardı, hər kəs oyuna hazır idi. Hətta oyuna sonradan daxil olanlar da tam gücləri ilə oynadılar. Məhz bunun hesabına nəticə qazandıq. Komanda oyuna tam ciddiyyətlə yanaşdı.
– Belə uğurlu start gözləyirdinizmi? İki oyun – 6 xal, üstəlik rəqib də “Qarabağ” kimi güclü komanda…
– Məncə, hələ eyforiyaya qapılmaq lazım deyil. Cəmi iki oyun keçib. Qarşıda hələ çox oyun var. Addım-addım məqsədlərimizə doğru irəliləyəcəyik. Hər oyunda maksimum nəticə göstərməyə çalışacağıq və mövsümün sonunda necə olacağını görəcəyik.
– İlk oyunda tribunada çox az azarkeş var idi. Bu qələbədən sonra növbəti matçda daha çox dəstək gözləyirsinizmi?
– Azarkeşləri geri qaytarmaq üçün ilk növbədə oyunumuzla, qələbələrimizlə bunu sübut etməliyik. Məncə, bu halda tribunalarda boş yer qalmayacaq. Ötən illə müqayisədə çox şey dəyişib. Yeni gələn futbolçular da meydanda sözlərini dedilər. Görünür ki, həm oyun dəyişib, həm də tələblər fərqlidir.
– Bir həftəyə yığmanın heyəti açıqlanacaq. Hazırda yalnız iki yerli qapıçı var – siz, Rza və Şahruddin. Şahruddin bəzən stabil çıxış etmir. Dəvət gözləyirsinizmi?
– Yox, niyə ki? O da oynayır. Sadəcə, hər oyunda meydana çıxmır. Amma çempionatda cəmi iki tur keçib. Çempionlar Liqasını nəzərə almasaq, məncə, oynayan hər bir qapıçının şansı var. Təbii ki, son qərarı baş məşqçi verəcək. Biz isə sadəcə dəvəti gözləməliyik.
Bahar Rüstəm