“MDB Oyunlarında ilk matçımızı qazandıq”
Bakı, 1 oktyabr, Tsport.az
Bu sözləri kişilərdən ibarət Azərbaycan U-17 milli voleybol komandasının üzvü İsmayıl Rza III MDB Oyunlarında Qırğızıstanla keçirilən matçdan sonra deyib.
Tsport.az xəbər verir ki, 3-0 qələbə qazandığımız matçdan sonra millimizin üzvü oyunla bağlı fikirlərini bizimlə bölüşüb:
– İlk oyununuz MDB Oyunlarında qələbə ilə başa çatdı. Təəssüratlarınız necədir?
– Mən çox sevincliyəm ki, bu gün MDB Oyunlarında ilk matçımızı qazandıq. Çox həyəcanlı və gərgin oyun oldu, xüsusən də son setdə. Amma günün sonunda qalib gələn biz olduq. Ümumilikdə yaxşı oyun göstərdik. Sonda bəzi səhvlərimiz olsa da, qələbə qazandıq.
– Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
– Yeni mövsümdə öz komandamda çıxış edəcəyəm. Sonrakı mərhələdə təkliflər gələrsə, o zaman baxacağıq.
– Öz çıxışınızı necə qiymətləndirirsiniz?
– Mən əsasən gərgin keçən sonuncu setdə oyuna daxil oldum. Bu, mənim ilk oyunum idi. Ona görə də müəyyən qədər həyəcan var idi. Amma bu, mənfi yox, daha çox müsbət həyəcan idi. Komanda da sonuna qədər mübarizə apardı və nəticədə 3:0 hesabı ilə qalib gəldik.
– Rəqib barədə nə deyə bilərsiniz?
– Rəqib komanda haqqında müəyyən məlumatımız var idi, çünki hər zaman analiz edirik. Bu, bizim üçün oyunu daha rahat edir. Bu qarşılaşmada isə açığı, çox məlumat yox idi. Amma oyun ərzində analiz edib, həmin anda taktikanı qurduq.
Bahar Rüstəm