“Milan”dan 39 milyonluq anlaşma
Bakı, 5 avqust, Tsport.az
İtaliya nəhəngi “Milan”, İsveçrə millisinin gənc yarımmüdafiəçisi Ardon Jashari-ni heyətinə qatmağa hazırlaşır.
Tsport.az xəbər verir ki, 21 yaşlı futbolçu hazırda Belçikanın “Club Brugge” klubunun formasını geyinir.
Transferin detalları barədə məşhur insayder Fabrizio Romano məlumat verib. Onun sözlərinə görə, tərəflər artıq razılığa gəliblər və rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.
“Milan”, Jashari-nin transferi üçün “Club Brugge” klubuna 39 milyon avro ödəyəcək. Gənc futbolçu ilə bağlanacaq müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.
Geridə qalan mövsümdə Ardon Jashari Belçika klubunun heyətində 52 matçda meydana çıxıb, 4 qol və 6 assistlə yadda qalıb. Onun yaradıcılıq qabiliyyəti və meydandakı çevikliyi “rossoneri”nin orta xəttinə yeni nəfəs gətirəcək.