“Milliyə dəvət almağım mənim üçün sevindiricidir” – Elcan Əbilov
Bakı, 26 may, Tsport.az
“Neftçi“nin üzvü Elcan Əbilov Belarus və Monteneqro milliləri ilə keçiriləcək yoldaşlıq görüşləri üçün heyətə dəvət alıb.
Tsport.az xəbər verir ki, 20 yaşlı futbolçu fikirlərini bizimlə bölüşüb:
“U-21 milliyə dəvət almağımla bağlı yalnız xoş sözlər deyə bilərəm. Hər bir futbolçunun arzusu milli komandaya çağırılmaqdır. İnşallah, bu hiss hər kəsə nəsib olar. Bundan əvvəl də bir neçə dəfə dəvət almışam və bu mənim üçün böyük sevincdir. Ümid edirəm ki, millinin adına layiq oyunlar göstərəcəyik. Qarşıdakı hər iki görüşdə qələbə qazanmaq istəyirik. İnşallah, nəticələr ürəyimizcə olar”.
O, əsas millidə oynamaq arzusundan da söz açıb:
“Təbii ki, hər bir futbolçunun məqsədi əsas milliyə dəvət almaqdır. Mənim də hədəfim budur. İnşallah, bu arzum gerçəkləşər. Hazırda isə diqqətimi tam olaraq U-21 millinin qarşıdakı oyunlarına yönəltmişəm”.
Gənc futbolçu milli komandaya dəvətin ona verdiyi motivasiyadan da danışıb:
“Milliyə dəvət almam həm məni, həm də ailəmi çox sevindirdi. Bu, motivasiyamı ikiqat artırdı. Arzu edirəm ki, gələcək təlim-məşq toplanışlarına da çağırılım. Ümid edirəm ki, hər birimiz üçün xeyirli və uğurlu olar”.
Bahar Rüstəm