Misli Premyer Liqasında VI tur bu gün başa çatır
Bakı, 28 sentyabr, Tsport.az
Azərbaycan çempionatında altıncı turun son iki qarşılaşması bu axşam keçiriləcək.
Tsport.az xəbər verir ki, günün ilk oyunu qərb təmsilçilərinin duelidir: “Turan Tovuz” Bakıda – “Azərsun Arena”da “Kəpəz”lə üz-üzə gələcək. Matç saat 16:30-da başlayacaq. Tovuz təmsilçisi 9 xalla 5-ci yeri tutur, hələ xal qazana bilməyən Gəncə klubu isə 12-ci – son pillədə qərarlaşıb.
Turun bağlanış görüşü isə “Bank Respublika Arena”da baş tutacaq. Burada “Sabah” və “Sumqayıt” güclərini sınayacaq. Oyuna start fiti saat 19:00-da veriləcək. Turnir cədvəlində “Sumqayıt” 10 xalla 4-cü, bir oyunu əskik olan “Sabah” isə 7 xalla 7-ci sıradadır.
Hakim təyinatları
“Turan Tovuz” – “Kəpəz”: Baş hakim İnqilab Məmmədov, VAR – Kamal Umudlu
“Sabah” – “Sumqayıt”: Baş hakim Əliyar Ağayev, VAR – Nicat İsmayıllı
Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında:
“İmişli” – “Zirə” 1:1
“Şamaxı” – “Araz-Naxçıvan” 1:1
“Neftçi” – “Karvan-Yevlax” 0:0
“Qarabağ” – “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib.